Uzun illərdir ölkəmizdə ödənilməyən alimentlər məsələsi problem olaraq, qalmaqdadır.
Boşanmaların və işsizliyin çox olduğu bütün ölkələrdə bu problem var.
İllərdir məsələ müzakirə olunsa da, həllini tapmamış qalır.
2024-cü ildən Azərbaycanda alimentin minimum miqdarı 220 manatdan, 235 manata qaldırılıb.
Qanuna görə, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın yarısı nəzərdə tutulub.
Amma bunu hər valideyn ödəyirmi?
Nəzərə alsaq ki, ölkəmizdə boşanan ailələrin uşaqları əsasən analara verilir, atalar məsuliyyətdən rahatlıqla yayına bilirlər.
Hüquqşünas Elvin Babayev Hit.az-a bildirib ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı dəyişən olarsa, alimentin sabit miqdarı müəyyən edilə bilər. Əgər aliment verməyə borclu olan imtina edərsə, o məhkəməyə verilə, ölkədən çıxışına qadağa qoyula, cərimələnə, həbs oluna bilər. Amma bu halların heç biri ehtiyac iində olan uşağa fayda vermir.
Avropada alimenti dövlət ödəyir, borclu dövlətin borcunu ödəməyə mükəlləf olur. Norveçdə, Niderlandda, Polşada, Fransada bu vəzifəni federal dövlət təşkilatları öz üzərlərinə götürüblər. Eyni təcrübədən yararlanmaq olar”,- deyə o bildirib.
Qeyd edək ki, bu problemi mərhum millət vəkili Qənirə Paşayeva dəfələrlə gündəmə gətirsə də, məsələ öz həllini tapmayıb. Uşaq pulunun verilməsinin problem olduğu bir vəziyyətdə aliment fondunun yaradılması isə o qədər də əlçatan görünmür. Əziyyəti boşanmış ailələrin uşaqları çəkir.
Murad