Nənə-babanın uşaq tərbiyəsində rolu

SOSİAL
21:19 / 07.05.2024
989

Tərbiyə prosesində nənə-babanın rolu böyük əhəmiyyət daşıyır. Çünki ailə tək ata, ana və uşaqdan ibarət deyil. 

Amma nənə-baba bəzən bilmədən uşağı çox ərköyün etməklə, tərbiyəsinə mənfi təsir göstərə bilər. 

Bu səbəbdən də bəzən gənc ailələr övladlarının tərbiyəsini valideynlərinə etibar etməkdə bir az tərəddüd edir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, nənə-baba tərəfindən tərbiyə edilən uşaqların əksəriyyətində ərköyünlük, eqoistlik, davranış pozuntuları müşahidə edilir. Bu cür uşaqlara ana-ata öz qayda-qanunlarını qoya bilmirlər: 

“Bu vaxta qədər nənə-baba tərəfindən hər istədiklərinə nail olan, "yox", "olmaz" sözləri ilə qarşılaşmayan uşaq ana-atanın qadağalarına tabe olmaq istəmir. Məlumdur ki, vaxtilə öz övladlarının tərbiyəsi, gigiyenası, dərsləri ilə daha ciddi məşğul olan nənə-baba bunu nəvələri üçün edə bilmir. Bu da yaşdan asılıdır. Ancaq bu günə köklənirlər: uşaq məni sevsin, desin "nənə-baba yaxşıdır, mən onları çox sevirəm", bu, mənə bəs edir.Nənə-babalar nəvələrinə qayda-qanunsuz həyat formalaşdırırlar. Onlara öz sözlərini keçirə bilmirlər, "yox" sözünə öyrədə bilmirlər. Ana-ata uşağı cəzalandırarkən nənə-babanın ürəyi dözmür, müdaxilə edir. Öz yanına çəkir, qucaqlayır. Ana-ata da nənə-babayla problem yaşamasın deyə məcburən onlarla razılaşmalı olur. Zaman keçdikcə nənə-baba himayəsində böyüyən uşaqda xüsusən kavro-kaprizlər, davranış pozuntuları, isteriyalar müşahidə olunur. Bu uşaqlar yanlış və doğrunu insana görə müəyyən etməyə başlayırlar”.

Sevinc

0