Nikah yaşı azaldıla bilərmi?

SOSİAL
21:42 / 21.05.2024
513

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılmasını təklif edir.

Bu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, Ailə Məcəlləsinin 10‑cu maddəsində (üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) istisna meyarlarının göstərilməməsi hüquqi baxımdan qeyri‑müəyyən hal olaraq qiymətləndirilir. 
Nikah yaşının azaldılması təklifi ictimaiyyət arasında narazılığa səbəb olub.

Psixoloq Elnur Rüstəmov Hit.az-a açıqlamasında bildirib ki, nikah yaşının minimum 18 yaş olması məqbuldur:

“Nikah yaşının istisna hallarda 17 yaş kimi nəzərdə tutulması bəzən vətəndaşlar tərəfindən sui-istifadəyə gətirib çıxarır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda erkən nikah problemi ilə rastlaşırıq. Xüsusən də rayonlarda və kəndlərdə belə halların ara-sıra baş verdiyinə şahid oluruq. Düşünürəm ki, güzəştlər ləğv edilərsə, bu cür halların qarşısının alınmasında mühüm rol oynayacaq. Nikah yaşının minimum 18 yaş olması ona görə nəzərdə tutulub ki, daha çox xanımlar bu yaşda ailə qurur və həmin fərd ailə qurarkən onun həm fizioloji, həm də psixoloji baxımdan hazır olması vacib məsələdir. Təəssüf ki, erkən nikahlar ailə quran fərdlərin təhsildən yayınmasına səbəb olur. Bu baxımdan qızlarımızın uşaq böyüdərkən təhsilli bir valideyn kimi yetişməsi önə çəkilməlidir. Məsələnin qanunvericilik tədbirləri öz yerində, ancaq maariflənmə işini aparmasaq, profilaktik tədbirləri görməsək, yenə də erkən nikahlarla qarşılaşa bilərik”.

Sevinc

0