Bəzi insanlar mütəmadi olaraq iş yerlərindən razı olmadıqlarını bildirirlər.
Həmin şəxsləri iş yeri, şərait, kollektiv və maaş qane etməsə də çalışmağa davam edirlər. Çünki iş yerini tərk etməyə çəkinirlər. Daha doğrusu, o işdən ayrılsalar yeni iş tapa bilməməkdən qorxurlar. Ona görə də insanların əksəriyyəti iş yerlərini dəyişmək istəmir.
Bəs insanlar nə üçün iş yerlərini dəyişməkdən ehtiyat edirlər?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, iş yerini tez-tez dəyişmək xoşagələn hal deyil:
"Məsələn, yaponlar və koreyalılar başladıqları işdən təqaüdə çıxırlar. Onlar, çox nadir hallarda iş yerlərini tərk edilər. Yəni bir insanın iş yerini tez-tez dəyişməsi müsbət qarşılanmır. Hətta şirkətlər də işə qəbul zamanı namizədin əvvəlki iş yerlərində nə qədər müddət çalışdığına baxırlar. Məsələn, son 1 ildə 5 dəfə iş yerini dəyişən adamı işə götürmürlər. Çünki həmin şəxsin mütəmadi olaraq iş yeri dəyişməyə adət etdiyini görürlər".
Sosialoq qeyd edib ki, Azərbaycan vətəndaşlarının iş yerini dəyişməyə meyilli olmaması çox müsbət haldır:
"Amma iş yerindən məmnun olmayan insanın həmin iş yerini tərk etməməsi mənfi hal kimi qəbul oluna bilər. Bu, həmin insanın dünyagörüşünün zəif olmasından qaynaqlanır. Həmçinin, yenilikçi deyil, mühafizəkar olmaq da səbəblər sırasındadır. Həmin insanlar o işi tərk etsələr, bədbəxt olacaqlarını düşünürlər. Lakin reallıq belə deyil. Əgər insan iş yerindən razı deyilsə, çalışaraq və öz üzərində işləyərək ondan daha yaxşı iş yeri tapa bilər".
Pərviz