\"İnsanların \"azadlıq anlayışı\" boşanmalara səbəb olur\" - Psixoloq

12:10 / 06.06.2024
987

"Son illərdə boşananların sayı kəskin artıb".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, cütlüklər hər hansısa bir səbəb olmadan da boşanırlar:

"Boşanan şəxslərin əksəriyyəti xasiyyətlərinin uyğun gəlmədiyi və ya istədiyi nəyisə etmədiyinə görə ayrıldıqlarını deyirlər. Sözsüz ki, boşanmaların böyük səbəbləri də ola bilər. Əgər ailədə fiziki şiddət, mənəvi zorakılıq varsa, insanın mənliyinə toxunulan ağır sözlər deyilirsə, o zaman boşanmanı qəbul etmək olar. Çünki artıq burada ailə dəyərlərindən söhbət belə gedə bilməz".

Lakin həmsöhbətimiz təəssüflə qeyd edib ki, son dövrlərdə adi səbəblərə görə boşananların da sayı artıb:

"Çünki son illərdə "azadlıq" anlayışı yaranıb. Yəni "boşan rahat yaşa", "ailəli olmaq məhkum olmağa bənzəyir" kimi cəfəng fikirlər yaranmağa başlayıb. Bu fikirləri səsləndirənlər evliliyə də, evliliyin davam etdirilməsinə də qarşı çıxırlar. 

Hətta evli şəxsləri boşanmağa sövq edirlər. Təəssüf ki, qarşı cinslə münasibətdə olmağı "rahat yaşamaq" kimi təqdim edənlər var. Üstəlik, bunu "azadlıq" kimi qəbul edirlər. Ona görə də boşanmaların sayının artması yanlış "azadlıq" anlayışı olduğunu düşünürəm. Amma azadlıq bir neçə şəxslə münasibətdə olmaq deyil. Başqa insanlarla bərabər olmaq üçün ailəni dağıtmağa isə əlsa dəyməz". 

Psixoloq sosial şəbəkələrin də boşanmağa təsir etdiyini diqqətə çatdırıb:

"Sosial şəbəkələrdə "hər zaman zaman özünə dəyər ver, sən hər şeydən, hər kəsdən önəmlisən" kimi vurğulanan fikirlər ailəni də artıq sıradanlaşdırmağa gətirib çıxarır. Nəticədə, ani, hətta sadə bir səbəb olan kimi tərəflər dözməyərək boşanmağa qərar verirlər. 

Həmçinin, teleseriallar da ailənin artıq dəyərli olmadığı və evli şəxslərin həyat yoldaşlarına çox rahatlıqla xəyanət etməsinin göstərilməsi boşanmalara səbəb ola bilir".

Nabat Mirzəyeva boşanmaların sayını azaltmaq üçün atılacaq addımlardan da danışıb:

"Boşanmaların qarşısını almaq üçün isə ailə psixoloqları olmalıdır. Ailənin dəyərli olduğu və sadəcə evlənmək üçün evlənməyin yanlışlığı da təbliğ olunmalıdır. Düşünürəm ki, insan bütün ömrünü keçirəcəyi şəxslə evlənməlidir. 

Bəzi insanlar ailənin dağılmaması üçün mübarizə aparmalı olduqlarını unudurlar. Ümumiyyətlə, ailə sadəcə iki nəfərdən ibarət deyil. Övladların olduğunu və boşanmanın onlara çox pis təsir etdiyini də unutmaq olmaz".

Pərviz

3