Ailə qurmaq istəyənlər azalır - Səbəb

SOSİAL
21:30 / 14.06.2024
1128

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək, eyni səviyyədə qalıb. 

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah və 6933 boşanma halları qeydə alınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək , eyni səviyyədə (2,1) qalıb. 

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahların sayı azalıb.

Mövzu ilə bağlı fikir bildirən psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, nikah sayının azalmasında həm iqtisadi, həm də psixoloji faktorların rolu var: 

“Oğlanlar iqtisadi vəziyyətlərinin düzələcəyi, evlərinin olacağı günü gözləyirlər və yaşları keçir. Qızların gec ailə qurmasına gəlincə, bu məsələ xanımlarımızın kişilərə inamsızlığından qaynaqlanır. Keçmişdə olduğu kimi, qadınlar artıq kişilərə güvənmir, etibar etmirlər. Sabahısı gün boşana biləcəklərini gözaltına alırlar. Buna görə qadınlarımız da öz ayaqları üzərində dayanmağı bacarmayana qədər evlənmək istəmirlər. Nikah hallarının azalmasının qarşısını almaq üçün maarifləndirmə işləri ilə yanaşı, gənclərin məşğulluğunun artırılması yönündə də tədbirlər görülməlidir; məsələn, hesab edirəm, bölgələrdə dövlətə məxsus və istifadə olunmayan torpaq sahələri faiz vətəndaşların icarəsinə verilməlidir”.

Sevinc

0