Yasaq münasibətlərin qurbanı olan körpələr...

22:30 / 03.07.2024
807

Bu gün çoxlu sayda ailə uşaq həsrəti ilə yaşasa da, bəziləri doğma balasından imtina edib, onu küçəyə atır. 

Körpələrini küçəyə atan qadınlar əsasən yasaq münasibət səbəbindən bu addımı atır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçir:

“Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz soyadını vermədiyi, qadından da körpəsindən imtina etdiyi zaman bu tip cinayətlər yaşanır. Belə qadınlar çox vaxt hamilə qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gəlmir. Amma uşaq dünyaya gələndən sonra da vəziyyət dəyişməyincə, çıxış yolu olaraq, uşağı atmağı üstün tuturlar. Bundan başqa, tənha ana olmağı tərcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da hər kəs öz mənəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamasını arzulayan qadınlar  xəstəxana, məscid və ya tanıdıqları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tanıyırlar. Səbəb hər nə olursa-olsun heç bir hal bunu etmək üçün valideynə haqq və bəraət qazandırmır. İstənilən halda məsələnin başqa çıxış yolları ola bilərdi. Həmin ana müəyyən dövlət qurumlarına müraciət edə bilərdi. O müqəddəs bir adı, ana adını daşıyır. Yəni ki, o ada, statusa sahib çıxmaq lazımdır. Küçəyə atılan uşaq  təhlükəli şəraitdə ac qalıb  həyatını itirə bilər”.

Sevinc
 

0