Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqlədi

SOSİAL
15:45 / 23.07.2024
603

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

16 yaşına çatmayanlarla nişanlanan şəxslər isə 2 min manat cərimələnəcək, həbs olunacaq. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

0