Son bir ildə Azərbaycanda iki baltalı cinayət oldu. Biri Əhməd, digəri Xalq artisti tərəfindən törədildi. Hər ikisinin hadisə zamanı anlaqsız olduğu deyilir.
Bəs qanunla anlaqsızlıq nədir?
Tibbə əsasən, anlaqsızlıq xroniki psixi xəstəlik, kəmağıllıq nəticəsində öz əməlinin ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmama deməkdir.
Mövzu ilə əlaqədar Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, xroniki psixi xəstəliklər, şizofreniya, epilepsiya, proqressiv iflic, beyin siflisi və s. bunun kimi müalicəsi olmayan xəstəliklər anlaqsızlıq üçün əsas təşkil edir:
“Cinayət Məcəlləsinin 21.1. maddəsinə əsasən, İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Anlaqsızlıq vəziyyəti istintaq və məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 477.3-cü maddəsinə əsasən əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirildikdə, cinayətkarın məcburi psixiatriya müəssisəsində müalicəsinə qərar verilir”- deyə o bildirib.
Murad