Qocalmış ögey valideynlərə aliment vermək öhdəliyi varmı?

SOSİAL
20:34 / 31.07.2024
580

Redaksiyamıza müraciət ünvalanmış 74 yaşlı Müşkünaz Əliyeva soruşur ki, onun ögey qız və ya oğullarından aliment olmaq hüququ varmı?

“Mən həyat yoldaşımla ailə quranda onun 20-25 yaşlarında övladları var idi. Bir neçə il birlikdə mehriban yaşadıqdan sonra uşaqlar ailə qurub, öz evlərinə köçdülər. İndi tək yaşayıram və baxıma möhtacam. Başqa heç kimim yoxdur. Mənim ögey övladlarımdan aliment almaq hüququm varmı?”

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, aliment öhdəlikləri Ailə Məcəlləsinin 88-93-cü maddələri ilə tənzimlənir:

“Qanuna əsasən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa, özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər".

Murad

0