"Hər kəsin düşüncəsi və həyat tərzi fərqlidir. Ona görə də hər kəs yaşadıqlarına fərqli reaksiya verir".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hər qadının xəyanətə də reaksiyası fərqli olur:
"Sevgili, nişanlı və evlilik dönəminə olan xəyanətə xanımlar müxtəlif münasibət göstərirlər. Amma sevgili və ya nişanlı olduqları vaxt xəyanətə uğrayan xanımlara ayrılmağı tövsiyə edirəm. Ancaq ayrılıqdan öncə oturub danışmaq lazımdır. Qarşı tərəfə bizi narahat edən sözləri soruşmalıyıq.
Əgər münasibət yaxşı şəkildə davam etməsinə, cütlüyün bir-birini sevməsinə rəğmən, xəyanət yaşanırsa, sevgililik və nişanlılıq dönəmində bunu sorğulamaq lazımdır. Qızlar oğlandan ona bunu etməyə vadar edən şeyin nə olduğunu öyrənə bilərlər. Xanımları narahat edən bütün suallarına cavab aldıqdan sonra ayrılmağın doğru olacağı qənaətindəyəm. Əks təqdirdə, illərlə nəyə görə xəyanətə uğradıqları düşüncəsi ilə özlərini yoraraq, günahı sanki özlərindəymiş kimi görəcəklər. Ona görə özlərinə bu sualı verməkdənsə, qarşı tərəfdən bunu soruşmaq ən doğrusudur".
Psixoloq qeyd edib ki, bəzi xanımlar sevgilisinin və ya nişanlısının xəyanətini bağışlayır:
"Lakin sevgililik və ya nişanlılıq dönəmində xəyanət olursa, burada sağlam münasibətdən söhbət gedə bilməz. Ona görə də ən gözəl seçim ayrılmaqdır. Amma evlilikdə vəziyyəti bir qədər fərqli olur. Düşünürəm ki, evlilik zamanı xəyanət olunanda onu birinci dəfə keçmək olar. Sözsüz ki, xəyanət yaşanılan zaman xanıma hansı təsir bağışlamasından və vəziyyətdən asılı olaraq dəyişir. Həmin xanım həyat yoldaşından nə üçün bunu etdiyi barədə suallar soruşa bilər. Xəyanətə heç bir çavabı olmasada belə, bunlar danışılmalıdır.
Ardınca isə ona dərs verməlidir. Yəni xəyanət baş verəndən sonra xanım gedəcək yeri varsa bir müddət evi tərk etməlidir. Əgər yoxdursa, evdə danışdırmamalıdır. Xanım bu addımı atmaqla həyat yoldaşına onu itirmə qorxusunu yaşatmalıdır. Nəzərə almaq lazımdır ki, bir dəfə xəyanət edən şəxsin yenə də xəyanət edəcəyini əminliklə deyə bilmərik. Çünki o, bir daha xəyanət etməyə bilər. Yəni xanımını həqiqətən sevir və ona dəyər verirsə, xəyanət etdiyi üçün peşman olacaq və bu addımı təkrarlamayacaq".
Nabat Mirzəyevanın sözlərinə görə, evli olanda ayrılmaq asan deyil:
"Əgər ailədə xəyanət yaşanarsa, cütlük psixoloqa və ya ailə danışmanına müraciət edə bilər. Bunun öhdəsindən necə gələcəklərini araşdıra bilərlər. Xanımlar evli olanda xəyanət görəndə özlərini çox pis hiss edirlər.
Ona görə də bəzi xanımlar ayrılmağı, bəziləri isə qalmağı seçir. Əgər ayrılsa özünə, həyatına və gələcəyinə köklənməlidir. Amma evin içində qalmağı seçən xanım da bunları etməlidir. Ümumiyyətlə, qadın xəyanətə görə özünü günahlandırmamalıdır. Çünki bu, qadının günahı olmur".
Pərviz