"Bəzi insanlar iş yerini dəyişmir, çünki komfortdan çıxmaq istəmirlər" - Psixoloq

SOSİAL
11:00 / 08.08.2024
681

"İnsanın nəyə razı olduğuna və nəyə etiraz etdiyinə baxmaq lazımdır. Çünki burada onun böyüdülməsinin rolu böyük olur". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər insan fərqli mühitdə böyüyür:

"Biri susdurularaq inamsız, digəri isə özgüvənli böyüdülür. Bu isə nəticədə həyatımızın hər sahəsinə yansıyır. Xüsusilə də iş mühitində özünü daha çox göstərir. Bəzi insanların iş mühitində narazı olduğu çox sayda məsələ olsa da, dilə gətirmirlər.

Çünki "İnsanlar haqqımda nə düşünər?", "Guya buradan çıxsam başqa iş fərqli olacaq?", "Onsuz da bütün rəhbərlər eynidir" kimi fikirlər düşünürlər. Yəni iş şəraitlərindən razı qalmasalar belə, iş yerlərini dəyişmək istəmirlər".

355589

Həmsöhbətimiz qeyd edib ki, həm ətrafın nə deyəcəyini düşünmək, həm də inamsızlıqlar insanın olduğu yeri komfortlu hala gətirir:

"Ən çətini isə həmin komfortdan çıxmaqdır. Bir söz var: İnsana bildiyi cəhənnəm bilmədiyi cənnətdən xoş gəlir. Nəzərə almaq lazımdır ki, yeni iş və yeni addımlar qeyri-müəyyənlikdir. İnsan isə qeyri-müəyyənlikdən qaçır. Çünki orada onu nə gözlədiyini bilmir. Bilmədiyi üçün də hazırda əlində olan işdən imtina etməyə risk etmir".

Lakin psixoloq diqqətə çatdırıb ki, yeni iş yeni mühit və yeni məsuliyyətlər deməkdir:

"Qeyri-müəyyənlik və gələcəyin necə formalaşacağını bilməmək insanda narahatlıq yaradır. Narahatlıqlar isə uğursuz olmaqla bağlı qorxuları ortaya çıxarır. Uğursuzluq qorxusu yeni bir işdə uğur qazanıb-qazanmamaqla bağlı narahatlıqların səbəbi özünə inamın olmaması və ya keçmiş mənfi təcrübələr ola bilər. 

Bu qorxuları aradan qaldırmaq üçün komfortdan çıxmaq, özünə inanmaq və qeyri-müəyyənlikləri analiz edərək həmin işin faydalı tərəflərini araşdırmaq lazımdır".

Pərviz

0