Sosial şəbəkə hesabları necə ələ keçir? - Bunlara diqqət edin...

SOSİAL
11:02 / 19.09.2024
496

"Bütün sosial şəbəkələr ən yüksək təhlükəsizlik standartlarını tətbiq edir". 

Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sosial şəbəkə platformaları istifadəçilərinin hesablarının xakerlər tərəfindən ələ keçirilməsinə qarşı mübarizə aparır:

"Lakin bütün bunlara baxmayaraq, bəzi hesabları ələ keçirmək olur. Bunun səbəbi isə həmin istifadəçilərin diqqət etmədən yol verdikləri xətalardır. Adətən istifadəçilər çox sadə şifrələrdən istifadə edirlər. Amma mürəkkəb şifrələrdən istifadə etmək lazımdır".

358350

Mütəxəssis təəssüflə qeyd edib ki, bəzən də bir çox sosial şəbəkələrdə eyni şifrədən istifadə olunur:

"Lakin belə olan halda xaker kiminsə bir şifrəsini ələ keçirəndə onun digər sosial şəbəkə hesablarını da oğurlamaq üçün eyni şifrəni yoxlayır".

Ekspert xaker hücumlarından qorunmaq üçün nələrə diqqət etməli olduğumuzdan da bəhs edib:

"Minimum 12 işarəlik şifrə seçmək lazımdır. Şifrələrdə böyük hərf, kiçik hərf, rəqəm və müxtəlif simvollar istifadə etmək tövsiyə olunur. Həmçinin, bütün sosial şəbəkə hesablarında ikili qorumanı aktivləşdirmək lazımdır.

Bəzən də insanlara mesajlarla linklər göndərilir. Bununla da onların bəziləri aldadılaraq məlumatları ələ keçirilir. Yəni link açılanda istifadə etdiyiniz sosial şəbəkəyə bənzər səhifə açılır. Məlumatsız insan aldanaraq istifadəçi adı və şifrəsini ora yazır. Nəticədə, onun hesabı qarşı tərəfin əlinə keçir. Ona görə də düşünürəm ki, sosial şəbəkə istifadəçilərinin maarifləndirməsinə ehtiyac var". 

Pərviz

0