"Azərbaycanda ailə modeli qadın üzərində qurulur".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bizim cəmiyyətimizdəki fikrə əsasən, hər nə olursa-olsun, ailəni qadın qorumalıdır:
"Ona görə də ailəni qadının dağıtması adətən birmənalı qarşılanmır. Hətta qadının ailəsini qorumaq üçün başına nə gəlsə də mübarizəsini davam etdirilməli olduğu belə düşünülür. Bu düşüncə əvvəlki dövrlərdə daha üstünlük təşkil edirdi. Qadından yaşadığı hər şeyə dözmələri tələb olunurdu".
Lakin həmsöhbətimiz qeyd edib ki, indiki dövrdə qadınlarımız nisbətən bu düşüncədən uzaqlaşmağa başlayıblar:
"Xanımlarımız artıq düşünürlər ki, sadəcə ailəni qorumalıdırlar, ailə modeli həyat yoldaşı ilə birlikdə qorunub saxlanılmalıdır. Bəli, qadın anadır, övladını böyüdür. Övladı böyütmək, həyat yoldaşının yanında durmaq qadının borcudur. Ancaq qadın təkbaşına ailəsini qorumalı deyil. Əgər ailə daxilində şiddət və zorakılıq varsa, burada hansı qorumaqdan söhbət gedə bilər?
Təəssüf ki, bizdə mentalitetə uyğun olaraq qadının şiddətə dözməyi, bəyin isə öz azadlığını yaşamalı olduğu fikri hakimdir. Ona görə də get-gedə boşanmaların sayı artır. Artıq qadınlarımız bu məsuliyyəti təkbaşına çiyinlərinə götürmək istəmirlər".
Mütəxəssisin sözlərinə görə, xanımlarımız boşanmaq istədiyi zaman qohum-əqrəba tərəfindən mənəvi zorakılığa məruz qalırlar:
"Ondan nə üçün ayrıldığı soruşulur. Amma görürlər ki, qadın mənəvi olaraq çöküb. Buna baxmayaraq, yenə də onu boşanma qərarına görə tənqid edirlər. Təəssüf ki, bizdə qadın da qadını boşandığına görə qınayır. Hətta xəyanəti bütün kişilərin etdiyi "normal" bir hal olduğunu düşündükləri üçün ailə dağıtmağa dəyməyəcəyi deyilir. Həmçinin, qadından şiddətə belə dözməyi istənilir. Əfsuslar olsun ki, qadın qadına doğru olmayan məsləhətlər verir".
Pərviz