Bəzən vakansiya saytlarında qəribə elanlarla rastlaşırıq.
Daha doğrusu, vakansiyada ətraflı məlumatın verilmədiyini görürük. Nə işçi axtaran müəssisənin adı, nə də iş barədə məlumat yazılmır. Bunları bir növ "gizli vakansiya" da adlandırmaq olar. Çünki qeyd olunan "mail" adresi və nömrədə belə işəgötürənə aid bilgilər yer almır. Hətta çox vaxt nömrə də qeyd olunmur.
Sadəcə vakansiyada CV-ləri qəbul etmək üçün nəzərdə tutulan "mail" adresi olur. Təbii ki, onun adının da sözügedən müəssisə ilə heç bir əlaqəsinin olmadığını deməyə ehtiyac yoxdur.
Elə bir vəziyyət yaranır ki, insan hara müraciət etdiyini bilmədən CV göndərir. Bir çox hallarda namizədlərə edilən zənglərdə belə işin adı və ünvanı ilə bağlı məlumat verilmir. Yalnız uyğun namizəd olduğunuza qərar verildikdən sonra vakansiyanı verən müəssisənin adı məlum olur.
Bütün bu müəmmalı prosedurlara məruz qaldıqda isə sanki özümüzü hansısa filmdə və ya əsərdə zənn edirik. Bu qədər məxfiliklə vakansiya verilər?
Vakansiya verən müəssisənin adı olmur, ünvan göstərilmir, maaş yerinə razılaşdırılma yolu ilə yazılır, amma tələblər çox geniş şəkildə qeyd olunur. Həmçinin, işə götürəcək şəxslə əmək müqaviləsi də bağlanılmır. Bunlar zarafat deyil. İstənilən vakansiya saytına daxil olaraq bu formada onlarla elana rast gələ bilərsiniz.
Bir az araşdıranda məlum olur ki, bu addımı çox vakansiya verən iş yerləri atır. Yəni işçiləri müxtəlif səbəblərə görə o qədər dəyişir və çox sayda namizəd gedir ki, sektorda "qara piar"ı yayılmış olur. Ona görə də vakansiyada məlumatları qeyd etmirlər. Həmçinin, maaşı normadan az verib, namizəddən çox sayda tələb edənlər də analoji addımı atır.
Vallah, ayıbdır. Belə vakansiya verməzlər. Elə ondansa, ətrafınızdakı şəxslər vasitəsi ilə işçi axtarın. O belə bundan min dəfə yaxşıdır...
Pərviz