Dövlət Xidməti kəlbəcərlilərlə görüş keçirdi - FOTO

SOSİAL
12:50 / 25.09.2024
395

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə 27 sentyabr – Anım Günü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında tədbir keçirilib. 

“Gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, məktəblilər və digər nümayəndələr iştirak ediblər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Vətən Müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini əks etdirən video çarx nümayiş olunub.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tədbirdən sonra Vətən Müharibəsinin iştirakçıları olmuş bir neçə kəlbəcərlinin evləri ziyarət olunub. Görüş zamanı müharibə iştirakçıları öz xatirələrini bölüşüb, dövlət orqanlarının onlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndiriblər.

0