Ani qərarla verilən boşanma qərarı...

SOSİAL
11:43 / 30.09.2024
381

"Son illərdə boşanmaların sayının artmasının müxtəlif səbəbləri var".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, artıq insanlar arasında münasibətlərin dinamikası dəyişib:

"İş təzyiqləri, iqtisadi problemlər, insanların həyat tərzindəki dəyişikliklər və sosial şəbəkələr kimi xarici faktorlar münasibətlərə də çox ciddi təsir edir. Üstəlik, cəmiyyətin boşanma haqqında olan mənfi fikirləri bir qədər azalıb. 

Belə ki, insanlar əvvəlki dövrlərdə qohumların təzyiqlərə görə boşanmağa addım atmağa çəkinirdilər. İndi isə şəxsi xoşbəxtliyin daha çox önəm kəsb etdiyini başa düşürlər. Ani qərarlarla boşanma qərarı isə çox vaxt güclü emosional vəziyyətlərdə verilir". 

359112

Psixoloqun sözlərinə görə, cütlüklər emosional reaksiyalarını idarə etməyi öyrənməlidirlər:

"Əslində, emosional vəziyyətlərdə verilən qərarlar çox vaxt peşmançılıqla nəticələnir. Buna görə də, cütlüklər aralarındakı dialoqu gücləndirməyi və münaqişə zamanı özlərini necə ifadə edəcəklərini öyrənməlidirlər. Əsas məsələ düzgün ünsiyyətdir. Cütlüklər bir-birini dinləməli və anlamalıdırlar. Çox vaxt münaqişələr tərəflərin özlərini düzgün ifadə edə bilməməsi və ya qarşı tərəfi düzgün anlamaması ilə başlayır.

Həmçinin, müntəzəm olaraq birlikdə vaxt keçirmək və partnyora zaman ayırmaq da çox önəmlidir. Çünki iş, övladlar və digər məsuliyyətlər cütlüklər arasında məsafə yarada bilər. Buna görə də, romantik münasibətləri balansda saxlamaq üçün cütlüklər xüsusi vaxt ayırmalıdırlar". 

Həmsöhbətimiz qeyd edib ki, peşəkar psixoloji dəstəyin rolu da gözdən qaçmamalıdır:

"Boşanmaq istəyən cütlüklər çox vaxt bir-birini başa düşməyə çalışmır və hisslərini doğru şəkildə ifadə etmirlər. Peşəkar yardım vasitəsilə bu problemlərin kökündə yatan səbəblər tapıla bilər. Buna görə də boşanma qərarını vermədən öncə mütləq yaxşı düşünməli və mütəxəssislə məsləhətləşmək lazımdır. 

Hansı ki, bu qərarı emosional vəziyyətdə vermək təhlükəlidir. İnsanlar bir-birini başa düşməli və problemi həll etmək üçün səy göstərməlidirlər. Əgər bu mümkün deyilsə və münasibətlər həqiqətən də zərər verirsə, o zaman həmin qərar daha sağlam şəkildə qəbul edilməlidir".

Pərviz

0