"Gecənin bu saatında tualet üçün şəhərə çıxmaq məcburiyyətindəyəm" - AMEA-nın alimi

SOSİAL
22:17 / 03.10.2024
39

“İllərin çarpışmasından sonra 4 nəfərlik ailənin yaşaması üçün heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağına atılmışıq. AMEA rəhbərliyi deyir ki, daha bizim bacardığımız budur. Qaçqın statusuna malik olmadan, qeyri-rəsmi qaçqın həyatı yaşamağın acılarını çox dadmışam. Müəyyən zaman intervalları istisna olmaqla, 55 yaşa qədər ömrümün çox hissəsini qeyri-rəsmi, yəni statusu olmayan qaçqın kimi yataqxanalarda, hətta dərs dediyim məktəbin zirzəmisində keçirmişəm. Çünki, haqqımı elmi mühiti bazara çevirən vicdansız, rüşvətxor uşaq qatilləri, alim-akademiklər yeyiblər”.

Bu fikirləri alim İdris Abbasov sosial şəbəkə hesabında səsləndirib. 

Alim bildirib ki, AMEA rəhbərliyinin bu etinasızlığını, "bacardığımız budur" - deyib belə "yaxşılıq" etməsini özünə qarşı aşağılayıcı münasibət sayır:

“Düşünürəm ki, bütün bunlar mənim ailəlikcə məhv edilməyim üçün bir zəmindir. Dəhşətdir, sanki Bakıda deyil, Afrikanın sivilizasiyadan kənar ən miskin bir şəhərinin sakiniyəm. Təsəvvür edin, gecənin bu saatında tualet üçün şəhərə çıxmaq məcburiyyətindəyəm. AMEA rəhbərliyi yataqxananın kif və rütubət basmış otağına bir dənə motor-hidrofor qoymur ki, su olsun”,- deyə o qeyd edib.

Murad

0