Müasir zamanda yaş kateqoriyasından asılı olmayaraq əhalinin informasiya texnologiyalarından, xüsusilə sosial şəbəkələrdən ciddi şəkildə istifadə etməsi həyatın hər sahəsinə mənfi və müsbət yeniliklər gətirib. Son illər ərzində ölkəmizdə boşanma statistikasının artması, boşanmaların hansı səbəbdən baş verməsinin araşdırılmasını daha da aktuallaşdırır.
Bir çoxları sosial şəbəkələrin nikahların pozulmasına, münasibətlərin bitməsinə səbəb olduğunu qeyd edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyeva mövzu ilə bağlı Modern.az-a bildirib ki, sosial medianın ailələr arasında yaratdığı ilk problem ünsiyyətsizlikdir.
Sosial media insanlarla real ünsiyyəti yavaş-yavaş azaldır
“Ünsiyyət ailənin davamlı, möhkəm olması üçün ən önəmli faktorlardan biridir. Əgər cütlük arasında ünsiyyət, müzakirə, çıxış yolunu tapmaq yoxdursa, bu cür münasibət mənfi sonluğa doğru gedir deməkdir. Tərəflərdən biri, yaxud hər ikisi öz sosial şəbəkə hesabında davamlı ünsiyyətə, informasiyalar əldə etməyə, əyləncəyə aludə olursa, həmin şəxs artıq zaman keçdikcə ətrafında olan insanlarla real ünsiyyəti yavaş-yavaş azaldır. Hətta belə bir zamanda cütlük arasındakı ünsiyyəti sosial mediadan kimsə əvəzləsə, xəyanət halları da artmış olacaqdır”.
Səmra Əliyeva onu da bildirib ki, bu cür hallar ailələr arasında inamsızlıq, qısqanclıq, müqayisə etmə, xəyanət kimi ciddi problemlər, konflikt halları ortaya çıxarır: “Bəzən vaxtının çox hissəsini sosial şəbəkədə keçirən tərəf ailə qayğılarını unudur, övladları ilə məşğul olmur, ailədə üstləndiyi rolun öhdəliklərini tamamilə yaddan çıxarır və bir növü həyatını yalnız özünə və sosial mediaya həsr edir, ailəsinin qarşılamalı olduğu tələbatlarını bir növü sosial mediadan alır”.
"Bəzən şəxslər sosial mediada özləri haqqında yalan, uydurma məlumatlar verir, tanış olduqları, ünsiyyət qurduqları insanları müxtəlif məqsədlər üçün aldadırlar. Sonda isə bir tərəf deyil, bir neçə tərəf ciddi zərər görür. Bəzən isə biz hər hansı bir istirahət məkanında, yaxud restoranda, tədbirdə insanlar müşahidə edərkən görürük ki, həmin insanlar birlikdə gəldikləri tərəf müqabilini unudaraq yalnız telefonda vaxt keçirirlər. Bu səhnə ilk olaraq onun yanındakı xanımına yaxud bəyə olduqca pis təsir edir, həmin insan özünü yalnız, tək hiss edir və təbii ki, bu səhnə kənardan da heç də yaxşı görünmür. Yaxud ata və ya ana özlərini o qədər sosial mediaya alışdırırlar ki, evdə uşaqların əhvalı, vəziyyəti, problem və sıxıntıları onların gözündən yayınır, daha diqqətli olmaq əvəzinə onlar uşaqlardan uzaqlaşır, onların qayğıları ilə maraqlanmırlar" - o əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 21688 boşanma qeydə alınıb, bu, müstəqillik tarixinin ən yüksək göstəricisidir. Boşanmaların sayının artması ilə yanaşı qurulan ailələrin sayı da azalır.
Səmra Əliyeva vurğulayıb ki, tərəflərdən biri digərinin sosial media istifadə etməsini istəmir, tamamilə buna qarşıdır. Bu zaman qarşı tərəfin gizlin olaraq sosial media istifadəsi də ailədə ciddi böhrana, söz-söhbətə səbəb olur:
“Sosial media, əlbəttə ki, yalnız mənfi fəsadları özündə birləşdirmir. Düzgün, şüurlu, informativ məqsədlə istifadə edilərsə hətta müsbət nəticələr də əldə etmək mümkündür. Sosial şəbəkələrdən istifadə ailə öhdəliklərini yerinə yetirməyə imkan vermirsə, uşaqlara və ailənin digər üzvlərinə qayğı göstərməyə əngəl yaradırsa, bu zaman ailədə ciddi problemlər yaranır. Sosial şəbəkə istifadə etmə saatını nizamlaya bilməyən, şüursuz və məqsədsiz şəkildə istifadəni həyata keçirən insanlara bu addımlarını nizamlamağı, sonradan yaranacaq fəsadları düşünərək öncədən adekvat addım atmaqlarını tövsiyə edirik. Sosial şəbəkələrdə atılan hər yanlış addım gələcəkdə boşanma prosesinin özünə də ciddi zərər verə bilər, həmin səhifələrdə aparılmış yazışmalar, qurulmuş münasibətlər boşanma prosesində sübut kimi istifadə edilə bilər.
Ailə həyatının məsuliyyətli, dəyərli, vacib olduğunu nəzərə alaraq, bütün şəxslərə atdıqları addımlara qarşı diqqətli olmalarını, ailələrinin dəyərini bilmələrini, ailə üzvlərinə qayğı və diqqət, ən əsası vaxt ayırmalarını tövsiyə edirik”.