"Boşanma hər zaman son çıxış yolu olmamalıdır. Çünki cütlüklərin bir-birinə qarşı anlayışlı olması və münasibətlər üzərində işləməsi çox vaxt sağlam əlaqələrin bərpasına gətirib çıxarır".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, boşanmaların artmasının bir çox səbəbi var:
"Əvvəla, cütlüklər bir-birilə səmimi danışmalı, problemləri vaxtında həll etməli, qərarları birgə verməli, dəyişikliklərə açıq olmalı və aralarındakı güvəni qorumalıdırlar. Boşanmaların artması da məhz bunların olmaması ilə bağlıdır. Ümumiyyətlə, boşanmaların artmasına ən çox təsir edən 5 faktor var".
Həmsöhbətimiz həmin səbəbləri sıralayıb:
"Birincisi, ünsiyyət əksikliyidir. Çünki partnyorlar bir-biri ilə açıq və düzgün danışmayanda problemlər yaranır. Üstəlik, həmin problemlər zamanla daha da böyüyür. Həmçinin, ailədaxili müzakirələrin də səmimi və açıq şəkildə aparılmaması çox vaxt anlaşmazlıqlara, nəticədə boşanmalara gətirib çıxarır.
İkincisi, maliyyə problemləridir. Nəzərə almaq lazımdır ki, pul məsələləri çox vaxt mübahisələrə və stressə səbəb olur. Bu isə cütlüklər arasındakı münasibətləri gərginləşdirir.
Eyni zamanda, ailə büdcəsinin düzgün idarə edilməməsi, borclar və ya işsizlik kimi problemlər də evlilikdə stress yarada bilir. Bundan başqa, maddi çətinliklər yaşayan cütlüklər çox vaxt bir-birini günahlandırmağa meyilli olurlar".
Psixoloqun sözlərinə görə, boşanmağa gətirib çıxaran digər faktorların isə bunlardır:
"Fərqli gözləntilər də boşanmağa səbəb olur. Həyat tərzi, gələcək planları və rol bölüşmələri ilə bağlı fərqli düşüncələr boşanmağa gətirib çıxara bilər. Çünki insanların evlilikdən fərqli gözləntilərə sahib olması mümkündür.
Məsələn, bir tərəf ailə içində ənənəvi rolları gözləyə, digər tərəf isə daha bərabərhüquqlu bir münasibət arzulaya bilər. Əslində, evlilikdən əvvəl müzakirə olunmayan, habelə həll edilməyən belə fərqliliklər zamanla ailədaxili problemlərə səbəb olur.
Bundan başqa, cütlüklərin dəyişən maraqları da boşanma ilə nəticələnə bilir. Belə ki, insanlar zamanla dəyişir və birgə maraqlar azalanda münasibətlər zəifləyir.
Birlikdə vaxt keçirməkdən, ortaq hədəflərə çatmaqdan daha çox, fərdi məqsədlərə üstünlük vermək münasibətlərdə məsafə yaradır. Əlbəttə ki, bu da zamanla həyat yoldaşlarını bir-birindən uzaqlaşmağa və münasibətlərin soyumasına səbəb olur".
Ülviyyə İlqar qeyd edib ki, xəyanət də boşanmaların artmasına səbəb olan əsas faktorlardan biridir:
"Xəyanət və ya etibarın sarsılması, münasibətləri ciddi şəkildə zədələyir. Bu isə boşanmağa səbəb olur. Üstəlik, bəzi partnyorların bir-birinə qarşı sadiq olmaması da münasibətlərə ciddi ziyan vurur. Nəzərə almaq lazımdır ki, etibarın bir dəfə pozulması çox vaxt aradakı münasibətləri bərpaedilməz hala gətirir və bu da boşanma ilə nəticələnir".
Pərviz