Müasir valideynlər övladlarını böyüdən zaman hansı səhvləri edirlər? - Psixoloq danışır

SOSİAL
20:58 / 15.10.2024
340

Cəmiyyətə, insan içinə yeni qatılmış hər bir uşağın gələcəkdə özünü necə təqdim etməsinin başında valideynlər dayanır.

Uşaqların şəxsiyyət kimi formalaşması, cəmiyyətdə özünü təsdiq etməsi valideynin verdiyi tərbiyə və psixoloji durumun bəhrəsidir. 

Bəzi valideynlər elə düşünür ki, uşaqlara ehtiyacları olan şeyləri aldıqda hər şey bitir, onların başqa heç nəyə ehtiyacları olmur.

Əslində bu yanaşma çox yanlışdır. Uşaqları dinləmək, onlara özlərini ifadə etmək üçün zaman tanımaq şəxsiyyət kimi formalaşmaqlarında əsas rol oynayır. 

Maraqlıdır, müasir valideynlərin övlad böyüdərkən etdiyi əsas səhvlər nədir?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Sevin Əliyeva deyib ki, övladlarımıza risk etməyi öyrətmirik:

“Hər bir uşaq valideynin gözündə neçə yaşı olursa olsun, balaca görünür. Buna görə bacardığımız qədər onları təhlükədən qoruyuruq. Amma bu bir tərəfdən onlara ziyan göstərir. Çünki uşaqlarımız böyüyüb, sərbəst olana qədər təhlükənin nə olduğunu anlamırlar. Cəmiyyət içinə düşdükdə isə təhlükə onları üstələyir. Xırda problemlər belə onlara təhlükəli gəlir. Daha sonra, digər bir səhv övladlarımız problemlə üzləşdikdə cəld onlara kömək etməyə çalışırıq. Bununla da onların həll yolu axtarıb tapmaq şansını əlindən almış oluruq. 

Eyni zamanda, biz intellekt və biliyi yaş böyüklüyü ilə ölçürük. Övladlarımıza balaca olduqları üçün heç nəyi düz bilmədiklərini vurğulayırıq. Bu uşaqların şəxsiyyət kimi formalaşmasında çətinlik yaradır. Uşaqlar böyüyəndə də hər zaman öz düşüncələrinə əminliklə yanaşmayacaqlar. 

Ən çox edilən digər səhv isə övladlarımıza məsləhət gördüyümüz şeylərin özümüzün etməməyimizdir. Misal üçün, uşağınıza axşam 9-dan sonra telefona baxmağını qadağan edirik. Amma özümüz bu qadağaya əməl etmirik. Azyaşlı səbəb soruşduqda isə böyük olduğumuz üçün edə biləcəyimizi deyirik. Bu addım çox yanlışdır. Uşaq valideynlərinə baxıb özünə nəticə götürür. Nəyi qadağan ediriksə, onları özümüz də etməliyik”.

Murad

0