Başlıq pulu istəmək adətdir, yoxsa qazanc?…

SOSİAL
22:16 / 15.10.2024
307

Hazırda Azərbaycan toyları nə qədər müasirləşsə də,  bəzi toy adətləri hələ də qorunub saxlanılır.

Məsələn, əvvəllər toy ərəfəsində oğlan evinin qızın valideynlərinə verdiyi "başlıq parası" kimi adət-ənənəyə bu gün də əksər bölgələrdə rast gəlinir.

Düzdür, adət ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. 

Görəsən, müxtəlif söz-söhbətlərə yol açan bu kimi adətlərin qorunub-saxlanılması nə dərəcədə vacibdir?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, toy ənənələrinə uyğun olaraq qıza görə “Başlıq pulu” istənilməsini keçmiş dövrlərin adətidir: 

“Bu adət müsəlman ölkələrində daha çox təsadüf etsə də, bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Qadın əşya deyil ki, satılsın. Qədim adət-ənənələrimizdə elə məqamlar var ki, onları müasir dövrümüzdə tətbiq etmək olmaz. Bu, milli mentalitet deyil, lazımsız, primitiv düşüncənin təzahürüdür və bunu kökündən ləğv etmək lazımdır. Əks halda bu mövzunun söz-söhbəti bitib-tükənməyəcək. Təsəvvür edin ki,  müasir dövrdə elçi gedilib və müəyyən məbləğdə başlıq pulu verilir ki, qızı onlara versinlər. Toy olur, gənclər mehriban yaşayır. Elə ki, cütlüklərin və ya ailələrin arasında bir xırda problem olarsa,  dərhal başlıq məsələsi müzakirəyə çıxardılır. Sənin atan 2000 və ya 3000 manata mənə satdı”,  “Siz qızınızı satıbsız, ona söz deyə bilməzsiz” kimi ifadələr səslənir. Təbii ki, bu cür iyrənc ifadələrin sonu yaxşı olmur. Bu səbəbdən də bəzi adətləri müasir dövrdə tətbiq edilməməlidir”.

Sevinc

0