“Tiktok”da son günlərdə bir video trend olub. Videoda idman müəllimi ağlayıb evə getmək istəyən azyaşlı tələbəsini idmanla məşğul olmağa məcbur edir. Bu da sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Amma videoda diqqət çəkən başqa bir məqam da var.
Müəllim oğlan tələbəsinə “sən qızsan?” deyir. Müzakirələrdə bir çox insanlar oğlan uşaqlarına bu cür təlim-tərbiyənin doğru olduğunu, oğlanların zəif olmasının qarşısını bu metodla aldığını düşünürlər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bizim.Media-ya bu barədə danışıb. O bildirib ki, valideynin uşaqla rəftarı onun gələcək həyatda başqaları ilə olan münasibətini tənzimləyir.
“Uşaqları öz cinsiyyətləri ilə üstün olduqları düşüncəsində böyütmək olmaz. Cahil düşüncə cəmiyyətin sağlam inkişafının qarşısını alır. Şəxsiyyət formalaşanda şəxsin cinsiyyəti heç vaxt meyar ola bilməz. Düşüncənin avtoritetliyi insanların rahat yaşamasına imkan vermir. Uşaqların psixi sağlamlığı valideynlərin psixi sağlamlığına bərabərdir”.
Psixoloq vurğulayıb ki, qız uşağı tənqid və ya təhqir olmamalıdır:
“Oğlan uşaqları cins olaraq qız uşaqlarından üstün deyil. Qız və ya oğlan uşağı olmaq anlayışlarına məna yüklənilməməlidir. Ağlamaq insanın ən təbii hallarından biridir. Ağlamağın cinsiyyəti yoxdur və olmamalıdır. Zəiflik insanın təcrübəsizliyidir. İnsanın hər yaşda təcrübəsizliyi mövcuddur, yəni insan hər yaşda zəiflik göstərə bilər.
Psixoloji qısnama gələcəkdə şəxsdə depressiya, təşviş, cinsi rol pozuntusu, davranış pozuntuları, natamamlıq kompleksi və digər psixoloji halın nizamsızlığını yaratmış olacaq. Ailədə sağlam psixoloji mühitin formalaşması üçün uşağa qarşı qınaq və qərəz ifadə olunmamalıdır. Uşaqlar psixoloji qısnama ilə böyüsələr, onlar da başqalarına qarşı bu cür davranış sərgiləyəcəklər”.