Hər bir iş mühitində mübahisələrin olması normal haldır. Nəticə göstərmək üçün fikir ayrılıqları olmalıdır. Amma bəzən bu hal daha da qəlizləşir və düşmənçiliyə qədər gedib çıxır. Belə vəziyyət olan iş ortamında isə nəticə əldə etmək çətinləşir.
Bəs, iş kollektivində münaqişələrin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, əsasən rəqabətlər işə yox, müdirin diqqətini çəkmək üçün edilir:
“Kollektiv arasında baş verən münaqişələr və davalar iş sahibinə heç bir müsbət nəticə verməyəcək. Xüsusilə, söhbət kiçik və orta şirkətlərdən gedir. Məhz bu şirkətlər üçün sağlam mühit, qarşılıqlı dəstək vacibdir. Eyni zamanda, şirkət daxili olan bu münaqişələr tək otaq daxili qalmır. Şirkət müştərilərinə, iş həyatına və nəticələrinə böyük təsir edir.
Bunun qarşısını almaq məsələsinə gəldikdə isə ən başlıca müdirin bütün işçiləri ilə eyni davranışı sərgiləməlidir. Bəzən kimlərəsə xüsusi şərtlərin yaradıldığı, kiçik pozuntulara göz yumulduğu, iş yerini vaxtından əvvəl tərk etməyə icazə verildiyi kimi hallar diqqətə çarpır. Bunları nəzarətdə saxlamaq lazımdır. Hər işçiyə eyni rəftar olunmalıdır ki, iş ortamında gərginlik, ayrıseçkilik yaşanmasın.
Bundan əlavə, işin yaxşı getməsi və işçilərin çalışmağa həvəsinin olması üçün müdir-işçi arasında münasibət sərt olmamalıdır. Sərbəst mühit yaradılmalıdır ki, işçi işdən sıxılıb, qaçmasın. Öz evi kimi baxsın işinə”.
Murad