Nadinc uşaqlara qarşı necə davranmaq lazımdır?

SOSİAL
11:21 / 30.10.2024
65

"Bəzi valideynlər hərəkətli uşaqlarını hiperaktiv və ya nadinc adlandırırlar. Əslində isə bu, yanlış yanaşmadır". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər valideyn övladının yaş xüsusiyyətlərini və hansı yaş sindromunu keçirdiyini yaxşı bilməlidir:

"Nəzərə almaq lazımdır ki, uşaqların oyun oynama, araşdırma, çox sual vermək kimi yeni şeylər öyrənmə ehtiyacları olur. Əgər uşaqda cəmiyyətə adaptasiya, yaşıdlarına şiddət, valideynini dinləməmək və cəmiyyətdə normativ davranış qaydalarında uyğunsuzluq varsa, onda davranış pozuntusu ola bilər. Bu diaqnozu daha dəqiq diaqnostik qiymətləndirilmədə də təyin etmək mümkündür". 

361167

Həmsöhbətimiz qeyd edib ki, uşaq səbrsizdir, qarşısındakını dinləmir, diqqət pozuntusu varsa, yerində dayana bilmir və cəzadan qaçaraq uyğun olmayan davranışlar sərgiləyirsə, deməli, hiperaktivlik sindromu yaşayır:

"Lakin hər nadinc uşaq hiperaktiv deyil. Ümumiyyətlə, nadinc davranış uşağın enerjili olması və maraq göstərməsi ilə bağlıdır. Əslində, valideynlərin "ağıllı övlad" adlandırdıqları ananın yanından ayrılmayan, etiraz bildirməyən, öz istəklərini dilə gətirməyən, heç nəyə maraq göstərməyən və sual verməyən uşaqlara xüsusi diqqət göstərmək lazımdır. Çünki həmin uşaqlarda yaş inkişaf ləngiməsi ola bilər". 

Psixoloq nadinc uşaqların valideynlərinə tövsiyələr verib:

"Nadinc uşaqların valideynləri səbrli davranmalıdırlar. Uşaqların yaş dövrünün xüsusiyyətlərini və bu davranışların keçici olduğunu nəzərə almalıdırlar. Həmçinin, hansısa qaydalar qoyarkən onların səbəbini izah etməlidirlər. 

Bundan başqa, uşaqlarınına daha konstruktiv şəkildə yönləndirə biləcəkləri məşğuliyyətlər tapmalıdırlar. Eyni zamanda, övladları üçün sakit mühit təşkil etməlidirlər. Çünki uşaq qarşısında sakit bir valideyn gördükcə sakitləşir. Əgər nadinclik narahatedici səviyyədədirsə, mütləq psixoloqdan dəstək almaq lazımdır".

Pərviz

0