Uşaqlarınıza bu adları qoymayın! - Rəsmi qurumun rəhbəri

SOSİAL
19:23 / 03.11.2024
419

Bu il ölkəmizdə 3 ailə övladına "X", 1 ailə isə "D" adı qoymaq üçün müraciət edib.

NazirlərKabineti yanında Terminologiya Komissiyasından bildirilib ki, övladına "X" və "D" adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar. Hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israrla məhkəməyə müraciət edib.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, şəxslərə adların verilməsi qanunla tənzimlənir:

“Adların, ata adlarının və soyadların verilməsi, həmçinin onların dəyişdirilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir.

“Qaydalar”ın 1.4-cü bəndinin tələbinə əsasən qeydiyyat şöbələrində vətəndaşlar tərəfindən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir” – deyə Ədliyyə Nazirliyinin mətbuat katibinin rəisi Ləman Hüseynzadə bildirib.
 
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə saytımıza deyib ki, insanların fərqinə varmadan hansısa ada və ya şəxsə sevgisi ola bilər, amma hər şeydən əvvəl düşünməliyik ki, biz övladlarımıza ad qoyuruq, onları o adla böyüdürük və o ad onların fəaliyyətinə də, həyatına da təsir edə bilər. O, valideynləri uşaqlara hər adı verməməyə çağırıb:

"Biz gələcəyə Azərbaycan vətəndaşı hazırlayırıq, o ad səsələnəndə ondan utana, çəkinə bilər. Elə ad qoymalıyıq ki, övladlarımızı formalaşdırsın, yetişdirsin. Onlara fəxarət, qürur hissi yaşatsın. Hansı ad qoymağımızdan asılı olmayaraq təbii ki, övladımıza vətən, torpaq - bütün mənalarda sevgini aşılayırıq, onları cəmiyyətə hazırlıyırıq. Amma düşünməliyik ki, bağçada, məktəbdə, universitetdə, gələcəkdə işlədiyi sahədə artıq o ad birbaşa ona təsir edəcək. Adını eşidəndə həmin şəxslərdə müsbət emosialar da yarada bilər və ya öz adından utana da bilər".

S.Əliyeva bildirib ki, əvvəllər uşaqlara iki-üç komponentli adlar qoyulurdu, əsasən də nənə-baba adlarında buna rast gəlirdik:

"Artıq o ənənə itməlidir və həmin adlarla böyüyən övladlarımız gələcəkdə Azərbaycan cəmiyyətinə bir vətəndaş kimi xidmət edəndə öz adlarından utanmamalı, çəkinməməlidir. Özümüz də fərqinə varmadan övladlarımıza qoyduğumuz ad bir növ onların fəaliyyətini də tənzimləyir, yaşamına təsir edir. Əgər biz övladımızın gələcəyini uğur dolu görmək istəyiriksə, indidən ona qoyacağımız adı düşünməliyik.

Bəzən görürsən ki, bir neçə adın ixtisar variantını övladlarına qoyan valideynlər var, hansı ki həmin adların heç bir mənası yoxdur. Amma bu gün Azərbaycan ədəbiyyatına nəzər yetirsək görərik ki, yazıçılarımızın əsərlərində  kifayət qədər Azərbaycan, Türk mənşəli adlar var. Həmçinin xüsusi adlar lüğətindəki adlardan istifadə etmək olar".

"Bu gün cəmiyyətə inteqrasiya edən adlardan istifadə etməkdən çəkinmək lazımdır. Öz adlarımızı yaratmalıyıq, həmin adlardan istifadə etməliyik ki, Azərbaycan mənşəli adlar bu cəmiyyətdə böyüyən övladlara xeyir-uğur gətirsin”- deyə Sevinc Əliyeva ılavə edib.

0