Bəzi insanlar nə üçün xoşbəxt ola bilmirlər? - SƏBƏBLƏR

SOSİAL
10:02 / 05.11.2024
474

Dünyanın müxtəlif ölkələrində yaşayan insanların əksəriyyəti xoşbəxt olmadıqlarını düşünürlər.

Həmin şəxslər adətən heç nədən zövq almır və xoşbəxtlik hissini yaşaya bilmirlər. Hər dəfə xoşbəxt olmaq üçün bir çox cəhd etsələr də, hədəflərinə nail ola bilmirlər. Əslində isə bunun arxasında psixoloji səbəblər dayanır. 

Yəni, insan özünü nə üçün xoşbəxt hiss etmir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Ülviyyə İlqar bildirib ki, bunun əsas səbəblərindən biri hər kəsin öz həyatını başqaları ilə müqayisə etməsidir:

361550

"Sosial şəbəkədə hər kəsin həyatının ən yaxşı anlarını gördükcə, sanki özümüzü yetərsiz hiss edirik. Digər səbəb isə maddi şeylərə çox bağlı olmağımızdır. Düşünürük ki, pul, ev, maşın bizə xoşbəxtlik gətirəcək. Lakin bunlar sadəcə qısamüddətli məmnuniyyət verir, əsl xoşbəxtlik isə daxildə yaranmalıdır. 

Əslində, insan özünü yalnız xarici uğurlarla deyil, iç dünyası ilə də qane edə biləndə həqiqətən xoşbəxt olur. Bu, özünü olduğu kimi qəbul etməkdən başlayır. Çox vaxt biz başqalarının gözləntilərinə uyğun yaşamağa çalışırıq. Ancaq əsl xoşbəxtlik hissi başqalarının bizdən nə gözlədiyini yox, bizim özümüzdən nə istədiyimizi anladıqda yaşanır".

O qeyd edib ki, insanın özü ilə xoşbəxt olması, həm də özünə qarşı mərhəmətli olmasıdır:

"Hər kəsin zəif cəhətləri, çatışmazlıqları var. Bunları qəbul etmək, özümüzü hər addımda tənqid etməmək vacibdir. Çünki biz insanıq və səhvlərimizdən dərs çıxarmalı və onları özümüzə yük etməməliyik.

Eyni zamanda, insan öz dəyərlərini bilməli və özünə uyğun məqsədlər qurmalıdır. Başqalarının həyat yolunu təkrarlamaq yox, öz yolunu seçmək və dəyərlərinə uyğun bir həyat yaşamaq insanı xoşbəxt edir".

Ülviyyə İlqar əlavə edib ki, minnətdarlıq duyğusu çox önəmlidir:

"Həyatda sahib olduqlarımızı qiymətləndirdikcə, daha çox xoşbəxt olur və özümüzə qarşı müsbət münasibət bəsləyirik. Gündəlik həyatda kiçik şeylərə belə təşəkkür etmək insanın içindəki pozitivliyi artırır.

Bütün bunlar göstərir ki, xoşbəxtlik xaricdən deyil, daxildən gəlir. Özümüzlə yaxşı münasibət qurub, daxili balansı tapdıqda, əsl xoşbəxtlik məhz onda yaranır. Başqalarının dedikləri və ya düşündükləri ikinci plana keçməlidir. Birinci sırada özümüzə verdiyimiz dəyər olmalıdır".

Pərviz

0