"Camaatın əlacı kəsilib, cindarlara müraciət edir"

SOSİAL
20:13 / 29.11.2024
105

“İnsanlarımızın cindarlara, cadugərlərə meyl etməsinin bir səbəbi də səhiyyə sistemində olan problemlərdir. Bəzi həkimlər tibbin, səhiyyənin adını batırır, insanlarda inamsızlıq yaradırlar. Camaat da əlacı kəsilib , cindarlara müraciət edirlər”.

Bu fikri ilahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib. 
 
O bildirbi ki, İslam dininə görə, daha konkret desək, müqəddəs Quranda ruhani varlıqların mövcudluğu təsdiqlənir. Cinlər, şeytanlar, pərilər, hurilər, ruhlar, qılmanlar barədə dini mətnlərdə kifayət qədər məlumat var:

 “İbn Sina, İbn Rüşd, Fərabi kimi İslam filosofları dini elmlə, daha dəqiq desək, fəlsəfə ilə uzlaşdırmağa, uyğunlaşdırmağa çalışıblar. Dinin irəli sürdüyü bir çox məsələləri elmi, fəlsəfi cəhətdən dəlilləndirməyə çalışıblar. Ruhların varlığı insan daxilində toplanmış enerji kütləsi kimi, cinlərin varlığı da buna oxşar nəzərdən izah olunmuşdur. Allahın insandan başqa da varlıqlar yaratması, bunların içində başqa aləmlərdə yaşayan varlıqların da olması qeyd edilir. Cinlər mövcuddur. Ola bilər ki,  elm tam sübut edə bilməyib, amma bu o demək deyil ki, elmin sübut etmədiyi bir şey yoxdur. Elm hələ çox şeyi sübut edə bilmir. İlk insanın necə yaranması dünyəvi elm tərəfindən hələ də sübuta getməyib. Dünyanın, kainatın əzəl başlanğıcını elm yalnız nəzəriyyə irəli sürməklə izah edir. Lakin din bunların konkret cavabını verir. 

Bədənə cinin, yaxud şeytanın daxil olması haqda alimlərin müxtəlif fikirləri var. Bəzi İslam alimləri bunun mümkün olduğunu qəbul edirlər. Əgər cinlərin varlığını qəbul ediriksə, onun bədənə daxil olmasını da qəbul etməliyik. Ancaq İbn Sina kimi həkim - filosoflar cinin cisminin maddə baxımından tərkibinin bilinmədiyi üçün bədənə daxil olmasını nə təsdiq, nə inkar ediblər. Lakin bu kimi halların mümkün olduğunu sadiq şəxsin, yəni, Peyğəmbərin demiş olduğunu nəzərə alaraq , qəbul etmək lazım olduğunu qeyd ediblər. Cin çıxarmanı elmi cəhətdən belə izah etmək olar ki, insanın daxilində mənfi enerji toplanır. Bu, əsasən psixoloji, nevroloji xəstəliklər zamanı olur. Həmin enerjini insandan uzaqlaşdırmaq isə əsasən ruhi, əqli təsirlərə yol açdığı üçün bəziləri tərəfindən cin çıxarmaq kimi qəbul edilir.

Bu kimi məsələlərdə dələduzlar da çoxalıb. Əlacı kəsilmiş, həkim dələduzluğuna məruz qalmış kasıb adamlar adətən növbəti dəfə də təəssüf ki, yalançı cin çıxaranların cənginə düşürlər. Tibb sahəsi zəif olanda, həkimlər etibardan düşəndə adamlar o cür sahələrə yönəlirlər”.

Sevinc

0