Bəzi insanlarda nə üçün inamsızlıq problemi var?

SOSİAL
12:00 / 02.12.2024
170

"İnamsızlığın və hər şeyi sübut etmə ehtiyacının bir neçə səbəbi var". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, özgüvən problemi olan insanlar başqalarının onların dürüstlüyünə və dəyərinə şübhə ilə yanaşacağından qorxurlar:

"Bu səbəbdən hər şeyi sübut etməyə çalışırlar. Ən çox bu sevgi münasibətlərində özünü göstərir. Bu insanlar çox vaxt toksik münasibətlərdə olur və orada daim özlərini sübut etməyə məcbur qalırlar. Bu təcrübələr gələcəkdə onların davranışlarına təsir edir. Partnyordan şəkil, yer bildirişi və s. istənilir".

363523

Həmsöhbətimiz qeyd edib ki, bu, qarşı tərəfə güvənsizlikdən deyil özünə güvənsizlikdən qaynaqlıdır:

"Yüksək təşviş yaşayan insanlar başqalarının onların düzgün başa düşməyəcəyini və ya münasibətlərinin pozulacağını düşünürlər. Bu qorxu onların davranışlarını sübut etməyə vadar edə bilər. 

Onlar düşünürlər ki, davranışlarını tamamilə izah edə bilsələr və ya hərəkətlərini sübutlarla təsdiqləyə bilsələr, başqalarının reaksiyalarına nəzarət edə bilərlər. Lakin bu davranış zamanla yorucu ola bilər və onların daxili rahatlığını daha da zədələyər". 

Psixoloqun sözlərinə görə, keçmişdəki mənfi təcrübələr də təsir edən faktorlardandır:

"Uşaqlıqda valideynlərdən tez-tez ”Necə inanım, sübut et?!” kimi sözlər eşidən uşaqlar yetkinlikdə də bu davranışı davam etdirə bilərlər. Eyni zamanda, əvvəllər yalançılıqla günahlandırılan, etibar edilməyən və ya aldanan insanlar yenidən eyni vəziyyətlə qarşılaşmamaq üçün belə davranışlar sərgiləyə bilərlər, bu bir növ müdafiə mexanizmidir.
 
Bu davranışın səbəbini anlamaq üçün həmin şəxsin keçmiş təcrübələrini və psixoloji vəziyyətini nəzərə almaq vacibdir. Əgər bu vəziyyət narahatlıq yaradırsa bir psixoloqla işləmək faydalı ola bilər".

Pərviz

0