Açıq-saçıq geyinmək müasirlikdir? - Sosioloq "müasirliy"in problemlərindən danışdı

SOSİAL
22:56 / 02.12.2024
131

Müasir dövrün ən mühüm prinsiplərindən biri şəxsi azadlıqdır.

Keçmişdə, bədən və geyimlə bağlı daha konservativ yanaşmalar hökm sürürdü.

Lakin zaman keçdikcə, xüsusilə Qərb mədəniyyətində, cəmiyyətin dəyərləri dəyişib. 

Bu dəyişikliklərə paralel olaraq, açıq-saçıq geyimlər təkcə cəsarət göstəricisi kimi deyil, həm də müasir və yenilikçi yanaşmanın simvolu olaraq ,qəbul edilməyə başlanıb.

Maraqlıdır, açıq-saçıq geyimlər müasirlikdir?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, insanların açıq-saçıq geyinməyi müasirliklə əlaqələndirməsinin bir neçə səbəbi var:

“Bu fikirin arxasında həm sosial, həm də mədəni amillər dayanır. Bir çox insanlar açıq-saçıq geyinməyi özünü ifadə etmənin bir yolu olaraq görürlər. Bəziləri buna, öz bədənlərini sevmə və qəbul etmə, cəmiyyətin gözləntilərinə qarşı çıxma kimi yanaşırlar. Bu nöqteyi-nəzərdən, açıq-saçıq geyinmək "müasir" həyat tərzi və şəxsi azadlıq anlayışını təmsil edir. 

Müasir dövrün modası və trendləri də açıq-saçıq geyimlərin geniş yayılmasına təsir edib. Moda sənayesinin inkişafı və məşhurların açıq-saçıq geyimlərdə görünməsi, bu cür geyimlərin cəmiyyətin müxtəlif təbəqələri arasında daha populyarlaşmasına səbəb olub. Əsasən gənc nəsil, məşhur mədəniyyəti və trendləri izləyərək açıq-saçıq geyimlərə maraq göstərir. 

Eyni zamanda, sosial media, xüsusilə Instagram, TikTok və digər platformalar, şəxsi üslubun geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Bu platformalarda açıq-saçıq geyimlər, bədən görüntüləri və özünü ifadə etmənin müxtəlif formaları geniş şəkildə paylaşılıb. Məşhurlar və influencerlər arasında bu cür geyimlər daha çox yayılmağa başlayıb və bir çoxları bunları müasirlik və populyarlıqla əlaqələndirirlər”.

Murad

0