Ər-arvad arasında baş verən münaqişələrin zaman-zaman şahidi oluruq.
Bu münaqişələr çox zaman bir ailənin dağılmasına, nəticədə uşaqların pərən-pərən düşməsinə gətirib çıxarır.
Maraqlıdır, ər arvad arasında olan dava uşağın psixologiyasına necə təsir edir?
Bu barədə Hit.az-a açıqlama verən münasibət üzrə ekspert Xədicə Hüseynli deyib ki, ailə daxilində davam edən gərginlik və münaqişə, uşağın emosional və sosial inkişafına mənfi təsir edə bilər:
“Uşaqlar, valideynlərinin mübahisələrini müşahidə etdikdə özlərini təhlükəsiz hiss etməyə bilər və bu da onlarda ümumi narahatlıq və depressiya yaradır.
Valideynlər arasındakı gərginlik, uşağın özünə inamını azalda bilər. Uşaqlar, ailənin stabilliyini təmsil edən valideynlərinin bir-biri ilə mübahisə etməsi səbəbindən dünyada olan möhkəmlik və təhlükəsizlik hissini itirə bilərlər.
Bu uşaqlar daha aqressiv, təcavüzkar və ya təkbaşına qala bilərlər. Bəzən onlar məktəbdə də akademik və sosial problemlər yaşayır.
Ailədəki münaqişələr uşaqlarda gələcəkdəki münasibətlərinə də təsir göstərə bilər.
Onlar münasibətlərdə və evliliklərində mövcud olan problemləri daha əvvəl görərək öz gələcək münasibətlərində də bənzər davranışlar nümayiş etdirə bilərlər”.
Murad