Psixoloqların sayının artmasına səbəb nədir?

SOSİAL
14:14 / 09.12.2024
214

"Son illərdə psixoloqların sayı əhəmiyyətli dərəcədə artmaqdadır". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən bəhs edib:

"Cəmiyyətin dəyişən tələbləri, sosial problemlər, eləcə də müasir həyatın gətirdiyi çətinliklər bu artımda mühüm rol oynayır. İlk növbədə, psixoloji sağlamlıq mövzusunun əhəmiyyəti getdikcə daha çox insan tərəfindən dərk olunur. 

Artıq insanlar başa düşürlər ki, psixoloji sağlamlıq yalnız problemlərin həllinə deyil, həm də ümumi həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Stress, depressiya, münasibət problemləri və şəxsi inkişafla bağlı dəstək almaq normal bir hal kimi qəbul edilir".

363903

Həmsöhbətimiz qeyd edib ki, sosial şəbəkə və internet psixologiyaya olan marağın artmasında mühüm rol oynayır:

"Bir çox psixoloq öz peşəkar fəaliyyətini sosial şəbəkələr üzərindən təqdim edir, insanların fərqli mövzularla bağlı maariflənməsinə və özlərini daha yaxşı anlamasına kömək edir. Digər tərəfdən, psixologiya sahəsinin prestijli bir peşə kimi qəbul edilməsi də təsirsiz deyil. İnsanlar psixoloq olmaqla həm cəmiyyətə faydalı ola biləcəklərini, həm də sabit bir gəlir əldə edəcəklərini düşünürlər. 

Bununla yanaşı, bir çox insan bu sahəyə yalnız professional karyera məqsədilə deyil, öz şəxsi problemlərini həll etmək və ya özünü inkişaf etdirmək üçün maraq göstərir". 

Lakin psixoloq söyləyib ki, bu sahənin geniş yayılması ilə yanaşı, bəzi problemlər də meydana çıxır:

"Xüsusilə, sertifikat proqramları ilə qısa müddətdə "psixoloq" kimi fəaliyyət göstərənlərin sayı artıb. Təəssüf ki, bu cür sertifikatla fəaliyyət göstərənlərin bəziləri kifayət qədər peşəkar bilik və təcrübəyə malik olmur. Bu isə həm pasiyentlərin, həm də psixologiya sahəsinin nüfuzuna mənfi təsir edə bilər. 

Belə halların qarşısını almaq üçün cəmiyyətdə peşəkar psixoloqla qeyri-peşəkar fərdləri ayırd edə bilmək üçün maarifləndirmə işləri aparılmalıdır. Hesab edirəm ki, psixologiya sahəsində bakalavr təhsili mütləqdir.

Ümumiyyətlə, psixoloq sayının artması və bu sahəyə marağın çoxalması müsbət bir tendensiya olsa da, peşəkar standartların qorunması və etik qaydalara riayət olunması bu inkişafın dayanıqlılığı üçün mühüm amildir".

Pərviz

0