Gəlirlərin azaldığı, xərclərinsə artdığı indiki dönəmdə qənaət məsələsi hər bir ailədə aktuallaşıb. Amma nələrə və necə qənaət edilməlidir ki, gündəlik normal yaşamı təmin etməklə bərabər ailə büdcəsini də qoruyub saxlamaq mümkün olsun sualı hər kəsi düşündürür.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, ailə gəlirinin azaldığı bir vaxtda yalnız qənaət prinsiplərinə əməl etməklə maddi durumu stabilləşdirmək olar:
"Hər ailə gəlir-çıxarını müəyyənləşdirməlidir. Əsasən yaşam üçün vacib maddi nemətlərə üstünlük verilməlidir. Büdcəyə qənaət başqa imkanların məhdudlaşdırılmasını tələb edir. Büdcədən daha çox vəsaitin ayrıldığı sahələrdən biri geyimdir ki, bu, hətta bir çoxlarında alış-veriş xəstəliyi yaradıb. Son vaxtlar marketlərdə müxtəlif kampaniyalar, endirimlərlə alıcıları cəlb edirlər. Məsələn, hansısa məhsulun üstündə 5 manatlıq hədiyyə yazmaqla, guya sərfəli satış təklif edirlər. Amma nə lazımdısa, onu almaq lazımdır. Eləcə də brend geyimlərə aludəçilik var ki, insanlar belə paltar və ya ayaqqabıları almağa xeyli pul xərcləyir. Bunlardan vaz keçmək lazımdır. Cəmiyyətdəki proseslər, iqtisadi vəziyyətlə əlaqədar bütün riskləri nəzərə alıb . Hətta böhran olmadığı vaxtda belə insanlar öz xərclərinə diqqət yetirməlidir. Çünki israfçılıq nə kasıba, nə də varlıya yaraşır”.
Sevinc