21-ci əsrə gəlib çıxsaq da, hələ də qayınana-gəlin məsələləri müzakirə doğurmağa davam edir.
“El elə sığar, ev evə sığmaz” deyirlər.
Maraqlıdır bəs, gəlin və qayınana birlikdə yaşamalıdır?
Bu barədə Hit.az-a münasibət üzrə ekspert Xədicə Hüseynli deyib ki, psixologiya baxımından gəlin və qayınana arasında birlikdə yaşamağın müsbət və mənfi tərəfləri mövcuddur və bu, çox vaxt fərdi və mədəni kontekstdən asılıdır:
“Hər iki tərəfin münasibətləri, şəraitləri və gözləntiləri çox vacibdir. Bu məsələyə mənfi və müsbət aspektdən baxmaq lazımdır. Müsbət tərəfləri odur ki, qayınana, gəlinə ev işlərində və ya uşaqların böyüdülməsində kömək edə bilər. Bu xüsusilə , uşaqlı cütlüklər üçün faydalı ola bilər. Birlikdə yaşamaq, gəlin və qayınana arasında daha yaxın münasibətlərin qurulmasına və qarşılıqlı anlayışın yaranmasına səbəb olur. Həmçinin, maddi baxımdan da birlikdə yaşamaq, evin kirayəsini və digər xərcləri bölüşmək kimi faydalıdır.
Mənfi tərəfi isə gəlin və qayınana arasında fərqli həyat tərzləri və gözləntilər səbəbindən gərginlik yarana bilər. Hər iki tərəf öz yerini tapmağa çalışa bilər ki, bu da psixoloji təzyiq yaradır. Qayınana gəlinin həyatına çox müdaxilə edərsə, gəlinin şəxsi sərbəstliyi məhdudlaşa bilər və bu, münasibətləri zədələyə bilər. Cütlük, öz ailə müstəqilliklərini qurmağa və fərdi məkanlarına sahib olmağa ehtiyac duyur. Bu, qayınana ilə birlikdə yaşadıqda çətinləşir”.
Murad