"Dini təbliğat yalnız dövlətin ali orqanı tərəfindən rəsmi qeydiyyatdan keçmiş qurum tərəfindən aparıla bilər. Bu kimi məsələlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və rəsmi din xadimləri məşğul olur”.
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural Irfan deyib.
O bildirib ki, dini təbliğat aparmaq və ya maarifləndirmə üçün müvafiq dini mərkəzlər var:
“Yəni, istənilən şəxs, istənilən üsulda ənənəvi, yaxud qeyri-ənənəvi dini təbliğat apara bilməz. Bunun üçün təsbit olunmuş qaydalar var. Əgər bu yazıların, dayanacaqlara ya da digər ictimai yerlərə yapışdırılmasının mənbəyi məlum deyilsə qaranlıq məsələdir. Vacibdir ki, aidiyyəti qurumlar bununla məşğul olsun, araşdırma aparsınlar. Bu yaxınlarda qondarma adda özlərini yeni yaranmış bir dinin mənsubları hesab edən bir dəstə hətta piket keçirməyə belə cəhd etmişdi. Ola bilsin elələridir. Qeyri-ənənəvi cərəyanların əsasən xaricdən mayalanan məkrli məqsədlərə xidmət etməsi məlumdur. Ona görə gərək cəmiyyətimiz də bu kimi şüarlara uymasınlar. Ölkədə normal din-dövlət münasibətləri ab-havası mövcuddur, qanunla yol verilən heç bir dinin, etiqadın yayılmasına, təbliğinə də heç bir maneə yoxdur. Ancaq təbii ki, bu qanun çərçivəsində olmalı, özbaşına olmamalıdır. Buna dinin özü də yol vermir. Demək olar ki, bütün dinlər mövcud olduğu məkanda dövlətin qanunlarına, xalqın ənənələrinə əməl etməyə, hörmət etməyə çağırır”.
Sevinc