Emosional boşluğa səbəb nədir, ondan necə xilas olmaq olar?

SOSİAL
10:19 / 24.12.2024
104

"Bəzən insanlar özlərini emosional boşluq içində hiss edirlər, heç nədən zövq almır və motivasiya tapa bilmirlər".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu vəziyyətin yaranması tamamilə normaldır:

"Üstəlik, bunun bir çox səbəbdən qaynaqlanması mümkündür. Daxili ehtiyacların qarşılanmaması, uzunmüddətli stress, itkilər, hətta məqsədsiz yaşamaq belə insanı bu hala sala bilər. Belə vəziyyətlərdə ən vacib addım hisslərinizi inkar etməməkdir. 

“Niyə özümü belə hiss edirəm?” sualını verin və mümkün səbəbləri araşdırın. Ola bilər ki, çox yorulmusunuz, emosional olaraq yüklənmisiniz, ya da sizi qane etməyən bir həyat tərzi yaşayırsınız". 

364690

Ekspert qeyd edib ki, bundan xilas olmaq üçün özünüzə diqqət ayırmaq çox önəmlidir:

"İlk növbədə gündəlik rejiminizi analiz edin. Məsələn, sağlam qidalanmaq, yaxşı yatmaq və fiziki aktivlik emosional vəziyyətinizə müsbət təsir göstərə bilər. Eyni zamanda, sevdiklərinizlə vaxt keçirmək, hədəflərinizə nəzər salmaq bu boşluğu doldurmağa kömək edir. Yəni insan bəzən özünə sadəcə bir az qayğı göstərməklə çox şeyi dəyişə bilir". 

Mütəxəssisin sözlərinə görə, yeni maraqlar tapmaq, yaradıcı fəaliyyətlə məşğul olmaq və ya sadəcə təbiətdə vaxt keçirmək də bu vəziyyətdən çıxış yollarındandır:

"Əgər uzun müddət bu hisslərdən qurtula bilmirsinizsə, bir mütəxəssisə müraciət etməkdən çəkinməyin. Psixoloji dəstək almaq həm səbəbləri daha aydın görməyinizə, həm də onları aradan qaldırmağınıza kömək edəcək".

Pərviz

0