"Hər yoldan keçən ekspert olur" - Televiziyada əxlaqsızlığı yayan "ekspertlər"

SOSİAL
23:16 / 25.12.2024
71

Ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıblar. 

Onların əxlaqsızlığı birmənalı şəkildə təbliğ etmələri narazılığa səbəb olub.

Həmin saxlanılanlar arasında bir müddət əvvəl tanınmış televiziyaların birində ekspert kimi çıxış edən şəxs var.

Maraqlıdır, hər kəs ekspert ola bilər? Ekspert olmaq üçün nə etmək lazımdır?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, hər istəyən şəxs ekspert ola bilməz, çünki ekspertlik xüsusi bilik və təcrübə tələb edir:

“Ekspert olmaq üçün müəyyən bir sahədə yüksək səviyyədə bilik və təhsil lazımdır. Bu bilik, yalnız akademik dərslərlə deyil, həm də sahəyə dair dərin təcrübə ilə möhkəmləndirilməlidirMüvafiq sahə üzrə ali təhsil, sertifikatlar və ya kurslar ekspertliyə gedən yolun başlanğıcı ola bilər. Ekspert olmaq üçün nəzəri biliklər yalnız başlanğıcdır. Praktik təcrübə də vacibdir. Sahə üzrə uzun müddət işləmək, layihələrdə iştirak etmək və real həyatda qarşılaşılan problemləri həll etmək lazımdır. Təcrübə, hər bir sahədə ekspertin öz bacarıqlarını inkişaf etdirməsi və daha yaxşı qərarlar verməsi üçün vacibdir. Ekspertlik təkcə mövcud məlumatları bilməkdən ibarət deyil. Həmçinin, sahə ilə bağlı yeni məlumatlar, metodlar və yanaşmalar öyrənilməli və tətbiq edilməlidir. Araşdırma etmək, yeni ideyalar irəli sürmək və bu sahədəki yenilikləri izləmək vacibdir.

Televiziyada çıxan ekspertlərə gəldikdə isə deyə bilərəm ki, bizim verilişləri qəti şəkildə izləmirəm. Çox bayağı, milli dəyərlərdən zərrə qram anlamayan şəxslər ekspert kimi çıxış edir. Onu kim ekspert edib, kim ora çıxarıb, müəmmalıdır. Hər yoldan keçən ekspert olur”.

Murad


 

0