Kişi və qadın arasında davaların minimuma endirilməsi, sağlam və müsbət bir münasibət qurulması üçün çox önəmlidir.
Münasibətlərdə qarşılıqlı anlaşma və hörmətin təmin edilməsi əsas rol oynayır.
Maraqlıdır, kişi və qadın arasında davaları minimuma endirmək üçün nə etmək olar?
Bu barədə Hit.az-a danışan münasibət üzrə psixoloq Xədicə Hüseynli deyib ki, açıq və dürüst ünsiyyət vacibdir:.
“Hər iki tərəf də öz hisslərini və fikirlərini sərbəst şəkildə ifadə etməli, amma qarşısındakı insanı dinləməli və anlamalıdır. Davranışlar və sözlər diqqətlə seçilməlidir ki, heç bir tərəf digərini qırmasın və ya alçaltmasın. Mübahisə yaranarsa, məsələləri sakit və konstruktiv şəkildə müzakirə etməyə çalışmaq lazımdır. Hər iki tərəf bir-birinin mövqeyini anlamalıdır. Empatiya qurmaq və qarşı tərəfin hisslərini qəbul etmək çox önəmlidir. Anlayışlı olmaq, xüsusilə çətin vəziyyətlərdə tərəflərin bir-birinə dəstək olmasına kömək edər. Mübahisələr zamanı, hər iki tərəf də bir-birinin şəxsi sərhədlərinə hörmət etməli, aşağılayıcı və təhqir edici davranışlardan qaçmalıdır. Hər iki tərəf də bəzi məsələlərdə güzəştlər etməyə hazır olmalıdır. Əgər hər iki tərəf öz mövqeyində qalıb dəyişməzsə, mübahisələr daha da gərginləşə bilər.
Mübahisələr zamanı, narazılıqlarını gizlətməyin və bir-birinizə qarşı açıq olun. Ancaq bunu edərkən heç vaxt təhqir və ya zorakılıq tətbiq etməyin. Kişilər və qadınlar bəzən gündəlik həyatda yaşadıqları stressdən dolayı narazılıq göstərə bilərlər. Bu cür hallarda, hisslərə və reaksiyalara hakim olmaq və bəzən öz emosiyalarını bir qədər saxlayıb daha soyuqqanlı düşünmək faydalı olacaq”.
Murad