Reallıqda heç bir pis vərdişi olmayan bir yetkin və ya uşaq tapmaq çox çətindir.
Yeniyetmə və kiçik yaşlı uşaqlarda isə barmaq əmmə, burun ifrazına toxunma, qeyri-etik səslər çıxarmaq, saçlarını barmaqlarına dolamaq və ya oyuncaqlardan dırnağadək hər bir şeyi ağzına almaq, çeynəmək kimi arzuolunmaz vərdişlərə yiyələnirlər.
Yetkinlər bu cür davranışın heç olmasa səhv olduğunu dərk etsələr və davranışlarını düzəltməyə çalışsalar da, uşaqlar hələ bu və ya digər hərəkətlərinin yalnış və xoşagəlməz hal olduğunu çox zaman başa düşmürlər.
Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, əvvəl kiçik görünən problemlər böyüyərək, gələcəkdə nevroloji problemlərin yaranmasına gətirib çıxara bilər:
"Halbuki, vaxtında düzgün yanaşma ilə psixoloji narahatlığın nevroloji həddə çatmasının qarşısını alnaq olar. Uşaqlarda pis vərdişlərin qarşısının alınması vaxtında və düzgün edilmiş müdaxilə ilə aradan qaldırılan problemdir. Bu problem valideynlərdən səbir və ardıcıllıq tələb edir. Bununla yanaşı, yalnız vərdişin nəticələri ilə mübarizə aparmaq olmaz, onun səbəbini müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır. Uşağın burnuna yaxınlaşdığını gördükdə, qollarını tutmağa çalışmayın, ona oyuncaq, bir top, çərəz verərək fikrini yayındıra bilərsiniz. İstənilən pis vərdişin qarşısını uşağı incitmədən alına bilər'.
Sevinc