“Dini nöqtədən yanaşsaq ümumiyyətlə İslamda ad günü keçirmək tövsiyyə olunmayıb. Xüsusən də vəfat etmiş şəxsə ölümündən sonra ad günü keçirmək gülüncdür”.
Bu fikri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, öldüyü günü xatırlayıb il dönümü olaraq, yada salmaq bir qədər fərqlidir. Doğrudur, dində bu da yoxdur, amma vəfat etdiyi günü yad etməkdə, dua oxumaqda, rəhmət diləməkdə, məzarını ziyarət etməkdə bir maneə yoxdur:
“Lakin ad günü keçirmək tamamilə ifratçılıq və xurafatdır. Bu nədən yaranır? İnsanlar ölülərinə daha çox töhfə vermək istəyirlər, dini də bilmədikləri üçün yaxud dini dəyərləri heçə saydıqları üçün dinin tələb etdiyi adətləri yox, özlərindən qonardıqları adətləri icra edirlər. Dinimizə görə ölmüş şəxsin ruhuna dua etmək, Quran oxumaq, ziyarət etmək, onun adına xeyirli iş görüb, savabını onun ruhuna hədiyyə etmək var. Məsələn, bir kasıba yardım edib, körpü tikib, yol, su çəkib, onun savabını mərhumun xatirəsinə bağışlamaq var. Bu kimi əməllərə həm də davamlı savab gətirir və davamlı rəhmət qazandırır ölüyə. Ad günündə isə adamlar bir dəfə gəlib kəmərin altını bəridir, heç bəlkə rəhmət demək də yada düşmür, vəssalam.
İkinci tərəfdən də belə şeyləri ənənə halına salmaq da düzgün deyil. Başqalarına pis örnək olmaq, adət halına gətirmək olmaq. Xalqımızın özünün milli dəyərləri, dini ənənəvi qaydaları var. Fəqət bir istisna halı qeyd edim ki, xalqına, dövlətinə, ədəbiyyata, mədəniyyətə böyük töhfələr vermiş, dahi şəxsiyyətlər, xalqın tanınmış ali simaları var ki, onlara yubileylər, xatirə gecələri keçirilir. Bu da ondan ötrüdür ki, xalqımız, gələcək nəsillər onları unutmasın və yenidən tanısın, eyni zamanda bu bir dövlət tədbiridir. Ancaq sıravi əhali ucdantutma ölüsünə ad günü keçirsin, yox bir hələ masabəyi də gəlib sağlıq desin, bir azdan da musiqiçilər gətirsinlər, bu yolverilməzdir. Bir növü ölüyə toy etmək kimi bir şeydir ki, gülünc və özündən müştəbehlikdir. Ola bilsin bəzilərinin maddi imkanı onları belə əcaib əməllərə təhrik edir. Ancaq yaxşı olar ki, bahalı qəbir daşı, ad günü, israfçı ehsan süfrələri yox, mərhumun adına ictimai işlər görsünlər. Yetimə, kasıba, məzluma yardım etsinlər, yol çəkib bulaq tiksinlər, xarab olan yerlərə təmir aparsınlar, bir korun gözünün açılmasına kömək etsinlər, bax bu ölüləri üçün əbədi savab sayılar”.
Sevinc