"Sərəncam ölkədəki dini qurumlara olan yüksək diqqətin, etimadın əyani sübutudur"

SOSİAL
19:34 / 15.01.2025
51

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın.

Dini qurumlara maliyyə yardımı göstərilməsinin əhəmiyyəti haqqında danışan ilahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib ki, ölkədə dini qurumların fəaliyyəti üçün hər il dövlət başçısı tərəfindən müvafiq maliyyə yardımı göstərilir: 

“Hesab edirəm ki, bu, onların fəaliyyətinə dəstəkdən əlavə mənəvi dəyərləri, tolerantlığımızı qoruyub yaşatmaq üçün də lazımdır. Eyni zamanda xarici təsirlərdən və xaricdən maliyyələşmənin qarşısını almaq üçün vacibdir. Dini qurumların fəaliyyəti, xalqa, dövlətə öz töhfəsini verməsi, multikultural dəyərləri, tolerantlığı qoruması və inkişaf etdirməsi onların mənəvi borcudur. Bu vəsaitin ayrılması təqdirəlayiq haldır. Dövlətin, dövlət başçısının dinə, dini qurumlara, mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Dini qurumlar da bunu layiqincə dəyərləndirib ölkədəki din-dövlət münasibətlərinin qorunub saxlanmasında, tolerantlığın inkişaf etdirilməsində səmərəli istifadə etməlidirlər. Dövlətin dini qurumlara olan bu qayğısı gərək öz töhfəsini hər zaman versin. Yad təsirlərdən kənar, dövlətə sadiq, xalqın ənənəvi milli, mənəvi dəyərlərinə uyğun şəkildə dini mühit qorunub saxlanmalıdır. Cənab Prezidentin bu Sərəncamı ölkədəki dini qurumlara olan yüksək diqqətin, etimadın əyani sübutudur”.

Sevinc
 

0