"Uşağın hər zaman valideynlərinin diqqətini çəkməyə çalışması onun inkişafında bir boşluğun və ya ehtiyacın olduğunu göstərə bilər".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi hallarda uşaqlar valideynlərindən kifayət qədər diqqət, qayğı və sevgi almayanda bu boşluğu başqa cür doldurmağa çalışırlar:
"Məsələn, diqqət mərkəzində olmaq və başqalarının onlara baxmasını istəmək, uşağın özünü dəyərli hiss etməsi üçün bir vasitə ola bilir. Həmçinin, valideynlərin narsistik və ya həddindən artıq özünə mərkəzli davranışları da uşaqlara diqqət axtarma davranışlarını stimullaşdıracaq şəkildə təsir etməsi mümkündür.
Əgər valideyn özünü daim diqqət mərkəzində saxlamağa çalışır və övladını bu şəkildə "görməzdən gəlirsə", uşaq da zamanla bu davranışları özündə təkrarlaya bilər. Çünki uşaqlar valideynlərinin diqqət və təsdiqini qazanmaq üçün özlərini göstərməyə, daha çox diqqətçəkən davranışlar sərgiləməyə meylli ola bilirlər".
Ekspert qeyd edib ki, belə uşaqlıq yaşayan insanlarda özgüvənsizlik və ya həddindən artıq özünəinam, narsisizm, paranoya kimi problemlər ola bilər:
"Bəzi insanlar həddindən artıq emosional olaraq daima diqqətə ehtiyac duyurlar. Bu, onların zəif psixoloji vəziyyəti ilə əlaqədar ola bilər. Eyni zamanda, həmin şəxslərdə həddindən artıq tələblərin və emosional ehtiyacların olması da mümkündür. Əslində, bu, onların yaşadıqları narahatlıq və təklik hissini kompensasiya etməyə yönəlik davranışdır.
Bundan başqa, tam narsistik şəxsiyyət pozuntusu olan şəxslər uşaqlıqda cəzalandırılmağı və daima həddindən artıq tərifləndiyi üçün böyüdükdən sonra özlərini başqalarından üstün hiss edə bilər. Ona görə də çox vaxt diqqət mərkəzində olmağı gözləyərlər. Belə şəxslər insanların onlara heyran olduqlarını belə düşünərlər".
Zəhra Zahidovanın sözlərinə görə, diqqət mərkəzində olmadığı halda belə elə zənn edən insanlar isə paranoid düşüncə tərzinə sahib olurlar:
"Onlar cəmiyyət içində danışmaz, yemək yeməz və ümumi olaraq davranışlarında məhdudiyyət yaşayarlar. Həmin şəxslər sanki başqalarının hər an onlara baxdığını düşünər və bundan narahat olarlar. Xüsusilə cəmiyyətdə müəyyən bir status və ya məşhurluğa sahib olan insanlar başqalarının onlara diqqət etdiyini daha çox hiss edə bilərlər.
Bu da onların sosial vəziyyətinə və ətraf mühitə uyğunlaşmalarına əsaslanır. Məsələn, tanınmış insanlar və ya populyar şəxslər tez-tez başqalarının diqqətini cəlb etdiklərini düşünə bilərlər. Əslində, bu, onların daxili dünyalarındakı özgüvənsizliklərini oxşayır".
Müsahibimiz fikirlərini belə yekunlaşdırıb:
"Ümumiyyətlə, diqqət mərkəzində olmaq insanın özünü ifadə etməsi və sosial əlaqələr qurması baxımından təbii ehtiyacdır. Ancaq bu istəyin həddindən artıq və ya qeyri-sağlam bir şəkildə həyata keçməsi bəzi psixoloji problemlərin göstəricisidir.
Diqqətə olan bu ehtiyacın balanslı və sağlam şəkildə idarə edilməsi normaldır. Lakin bu düşüncələr şəxsin gündəlik həyatına müdaxilə edirsə və narahatlıq yaradırsa, bir mütəxəssislə danışmaq faydalı ola bilər. Hətta psixoloji dəstək və ya terapiya bu növ problemləri həll etməyə kömək edir".
Pərviz