"Təəssüf ki, zaman-zaman bacı-qardaş arasında problemlər olur".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, son illərdə bu hallar daha da artıb:
"Düzdür, əvvəllər də bacı-qardaş arasında problemlər olurdu. Lakin qohumlardan, qonşulardan və ətrafdan utandıqları üçün bunu nisbətən gizli şəkildə saxlayırdılar, biruzə vermirdilər. İndiki dövrdə isə bunu çox rahat şəkildə dilə gətirirlər.
Əslində, burada valideynlər rolu çox böyükdür. Valideynlər hər iki övladını qarşısına alaraq danışmalıdır. Ata-ana çalışmalıdır ki, bacı-qardaş hər zaman bir-birini sevsin və dəstək olsun. Həmçinin, onlara valideynlik sevgisini də aşılamaq çox önəmlidir".
Həmsöhbətimiz qeyd edib ki, uşaqlar arasında ayrı-seçkilik etmək, birini digərindən daha çox sevmək olmaz:
"Hər iki övlada eyni dərəcədə sevgi və diqqət göstərilməlidir. Uşaqları bu şəkildə yetişdirəndə, onlar gələcəkdə də bir-birilərinə bağlı olurlar. Yəni valideyin tərbiyəsi çox vacib məsələdir. Valideyn bacını qardaşın, qardaşı da bacının yanında möhkəm dərəcədə tənbeh etməməlidir. Həmçinin, valideynlər övladları arasındakı bütün problemləri danışaraq həll etməlidirlər".
Psixoloq diqqətə çatdırıb ki, övladlar arasında tarazlıq pozulanda onlarda bir-birinə qarşı aqressiya yaranır:
"Hətta onlar bir-birlərini belə qısqanırlar. Uşaqlıqda bacı-qardaş arasında yaranan bu nifaq gələcəkdə daha böyük problemlərə çevrilir. Nəticədə, onlar arasında mal-mülk üzərində də qalmaqallar baş verir.
Ona görə əvvəlcədən övladlar arasında düzgün şəkildə mal bölgüsü aparmaq lazımdır. Bu, gələcəkdə onlar arasında belə problemin yaranmasının önünə keçəcək. Ümumiyyətlə, valideynlər bir çörəyi belə övladları arasında bərabər bölməlidir".
Lakin Nabat Mirzəyeva onu da əlavə edib ki, bu hal övlada və valideynə görə də dəyişə bilir:
"Bəzi övladlar bacı-qardaşı arasında fərq qoyulsa belə, onları sevməyə davam edir. Hətta mal-mülk kimi faktorlara görə belə bacı-qardaşı ilə münasibətlərini pozmur. Lakin təəssüflər olsun ki, bəzi bacı-qardaşda isə uşaqlıqda başlayan kin gələcəkdə qığılcımlara, daha sonra isə alova çevrilir. Bütün bunların təməl səbəbi valideynlərdir. Ona görə də uşaqları sevgi ilə böyütmək lazımdır".
Pərviz