"Unutqanlığı yalnız psixoloji problem kimi qiymətləndirmək doğru deyil".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, unutqanlıq həm fizioloji, həm də psixoloji səbəblərdən qaynaqlana bilər:
"Stress, təşviş və depressiya kimi psixoloji faktorlar unutqanlığın ən çox rast gəlinən səbəbləri sırasındadır. Həmçinin, stressli həyat tərzi, çox məsuliyyət və daim narahatlıq hissi beynin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə məlumatın emal edilməsini çətinləşdirir.
Eyni zamanda, depressiya yaşayan insanlar da tez-tez diqqəti toplamaq və yadda saxlamaqda çətinlik çəkirlər. Onların ümumi emosional vəziyyəti bu prosesi daha da çətinləşdirir. Çünki stressli həyat tərzi və ya emosional gərginlik beynin həddindən artıq yüklənməsinə səbəb olur".
Psixoloq qeyd edib ki, belə vəziyyətdə beyin əsasən, həyati əhəmiyyətli problemlərə fokuslanır:
"Ona görə də digər məlumatları yadda saxlamaqda çətinlik çəkir. Bundan başqa, stress hormonu olan kortizolun yüksək səviyyədə olması da beynin yaddaş funksiyalarını zəiflədə bilər. Lakin psixoloji problemlər olmadan da unutqanlıq müşahidə olunur".
Ülviyyə İlqar bununla bağlı nümunə də verib:
"Məsələn, yuxusuzluq, düzgün qidalanmamaq, B12 vitamini çatışmazlığı və ya digər fizioloji amillər yaddaşa mənfi təsir edə bilər. Bu səbəbdən unutqanlığın əsas səbəbini təyin etmək üçün həm psixoloji, həm də tibbi aspektləri birgə nəzərdən keçirmək vacibdir. Unutqanlıq bəzən keçici bir hal olur. Lakin uzun müddət davam edən və gündəlik həyata təsir edən unutqanlıq vəziyyətində mütəxəssis yardımı almaq tövsiyə olunur".
Pərviz