"Valideynlər övladlarının TikTokdan istifadəsinə icazə verməməlidir" - Psixoloqdan AÇIQLAMA

SOSİAL
18:06 / 05.02.2025
52

"TikTok və digər sosial şəbəkə platformalarının psixoloji təsiri çox mürəkkəbdir".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, gənclər bu platformalarda çox vaxt keçirdikcə öz bədənlərinə, davranışlarına və hətta həyat tərzlərinə dair yanlış təfəkkürlər inkişaf etdirə bilirlər:

"Əslində, sosial şəbəkə istifadəçilərinin ideal bədən ölçüləri, həyat tərzi və münasibətləri barədə nümayiş etdirdikləri şəkillər, videolar çox vaxt real həyatdan uzaqdır. Bu isə insanlarda özünə inamsızlıq və narahatlıq yarada bilər. TikTokda "viral" olmaq, məşhurlaşmaq bəzən insanları orada çox vaxt keçirməyə, səhv dəyərlər üzərində cəmləşməyə və real dünyadan uzaqlaşmağa vadar edir.

Eyni zamanda, TikTokun sonsuz video sürüşdürmə xüsusiyyəti də psixoloji baxımdan təzyiq yaradır. İstifadəçilər daha çox məzmunu izlədikcə mərkəzi beyin stimullaşdırır. Bu da insanda asılılıq yarada bilər. Yəni bir video izlədikdən sonra növbəti birini izləmək istəyirsiniz, bu isə zamanla özünü təkrarlayan bir vərdişə çevrilir". 

367215

Ekspert qeyd edib ki, TikTok kimi platformalar müxtəlif sosial qarşıdurmaların, nifrət və ya zorakılıq dilinin yayıldığı mühitlərə çevrilə bilir:

"Bu da insanlarda depressiya, yalnızlıq hissləri və sosial qarşılıqlı əlaqələrə dair narahatlıq yarada bilər. Ən mühüm psixoloji məsələ isə TikTokun diqqətimizi qısa müddətə cəlb etməsi, bu müddət isə ərzində dərin düşüncə və analitik bacarıqların azalmasıdır. İnsanlar daha çox sürətli və səthi məzmunu qəbul etməyə meylli olurlar. Bu da uzun müddətli düşünmə qabiliyyətini zəiflədir.

Bu platformaların psixoloji təsirlərinin azaldılması üçün həm istifadəçilərin, həm də platformaların özlərinin məsuliyyət daşıması vacibdir. Təhsil və fərdi yanaşmalarla insanların öz emosional sağlamlıqlarını qorumağa daha çox diqqət etmələri lazımdır. Məsələn, sosial şəbəkə detoksu və özlərini bərpa etmə vaxtı ayırmaq kimi yanaşmalar faydalı ola bilər". 

Psixoloq onu da diqqətə çatdırıb ki, TikTokun populyarlığı və onun gətirdiyi bəzi müsbət təsirlərlə yanaşı, mənfi təsirləri də mövcuddur:

"Məsələn, zorakılıq, yanlış məlumatlar, aldatmacalar və ya sosial təzyiqlərin artırılması kimi məsələlər müzakirə edilir. Həmçinin, platforma şəxsi məlumatların toplandığı və izlənməsi məsələləri ilə bağlı narahatlıqları artırır.

TikTokun bağlanması təklifi, bəzi hallarda, həll yolu kimi təqdim edilə bilər. Lakin bu yanaşma çox geniş və kompleks problemləri həll etməkdə effektiv olmaya bilər. Bir tərəfdən, sosial şəbəkələrə olan tələbatı tamamilə yox etmək və ya məhdudlaşdırmaq cəmiyyətin əsas ehtiyaclarını nəzərə almayıb. Bunun yerinə, təhsil və tənzimləmə sahələrində daha konkret addımlar atıla bilər". 

Zəhra Zahidovanın sözlərinə görə, platformanın istifadə şərtləri və məzmunun süzgəclənməsi barədə daha sərt qaydalar tətbiq oluna bilər:

"Həmçinin, valideynlər övladlarının TikTokdan istifadəsinə icazə verməməlidir. Çünki uşağın şəxsiyyətinin inkişaf dövründə orada canlı yayım açan və ya paylaşım edən insanlar yanlış örnəkdir. Gənclərə isə bu platformaları daha düzgün və təhlükəsiz şəkildə istifadə etməyi öyrətmək məqsədi ilə təhsil proqramları hazırlanmalıdır.

TikTok və ya digər sosial şəbəkələrdə elmi, psixoloji, xəbər olaraq paylaşımlar edilərsə cəmiyyətə daha yararlı olar. Nəinki düzgün nitqə sahib olmayan savadsız kütlənin canlı açaraq gənclərə yanlış örnək olması. Bunun üçün qanunla qaydalar tətbiq olunmalı, etikadan kənar cəmiyyətə yararsız paylaşım edən şəxslərin profilləri bağlanaraq cərimələnmələdir".

Pərviz

0