İkiüzlü insanları necə tanıyaq?

SOSİAL
15:00 / 07.02.2025
64

"Çox vaxt görünüşü və daxili fərqli olan insanları ikiüzlü adlandırırlar. Onların görünüşdə və arxada etdikləri arasında böyük bir ziddiyyət olur".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ikiüzlülü insanlar öz duyğularını gizlədərək yaşayırlar:

"Əslində, ikiüzlülük daha çox yaşanılan həyat şəraiti və ya uşaqlıq dövründən qaynaqlanır. Həmçinin, sözügedən xasiyyət basdırılmış duyğulardan da ibarət ola bilir. Duyğularını həddindən artıq basdıran insanlar bir müddət sonra onları gizlədərək yaşamağa başlayırlar. Belə insanlar həyatlarının bəzi dönəmində duyğularını gizlədərək, hansısa insana yaranmaq üçün daxili aləmindən fərqli biri kimi davranmağa başlamağı öyrənir".

367309

Psixoloq ikiüzlü insanları necə tanıya biləcəyimiz barədə də danışıb:

"Sözsüz ki, ikiüzlü insanları bir müddət sonra tanımaq olur. Nəzərə almaq lazımdır ki, ikiüzlü insanlar həddindən artıq səmimi olurlar. Məsələn, daha çox "qurban olum", "canım", "ürəyim" kimi sözlərdən istifadə edirlər. Yəni belə şəxslər normativlərdən artıq sevgi və dəyər göstərirlər. Üstəlik, davamlı şəkildə belə davranan insanlar hansısa problem baş verəndə sərt reaksiya verirlər. Həmçinin, ikiüzlülər qarşısındakı insana öz işini gördürməyi həddindən artıq məcbur edirlər.

Ümumiyyətlə, qədərindən artıq səmimi davranan insanla məsafəli davranmaq lazımdır. Atalar sözündə deyildiyi kimi, su çox faydalı olsa da, artıq içmək zərərlidir. Yəni səmimiyyət çox gözəl olsa da, həddindən artıq mehriban olmaq ikiüzlülüyə gətirib çıxarır. Unutmayın, həddindən artıq səmimiyət ikiüzlü insanları biruzə verir". 

Nabat Mirzəyeva onu da əlavə edib ki, hər bir insan hansısa duyğularını gizlədə bilər:

"Lakin bunu edən hər kəs ikiüzlü olmur. İkiüzlülər tamam başqa niyyətdə olurlar. Yəni bütün insanlar öz duyğu və düşüncələrini tamamilə olduğu kimi biruzə vermir. Bu da normaldır. Çünki daxili düşüncəmizdəki bütün duyğu və fikirlərimizi olduğu kimi söyləsək hər kəslə ünsiyyətimiz olduğu kimi qalmaz".

Həmsöhbətimiz bəzi insanların nə üçün ikiüzlü olmasının səbəblərini isə belə izah edib:
"Həmin şəxslərin uşaqlıqda valideynlərindən bənzər davranışlar görməsi mümkündür. Məsələn, bəzi ata-analar evə gələn qonağa yersiz dərəcədə səmimi davranır, lakin o gedəndən sonra arxasından danışırlar. Nəticədə, uşaq valideynlərinin hansısa mənfəət üçün qonaqla ünsiyyət qurduqlarını görür. Bəzən də valideynlər övladlarına duyğularını gizlətməyi öyrədə bilirlər".

Pərviz

0