2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət qəbul olunub.
2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin sayı 3,3 dəfə artıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirilən kollegiya iclasındakı hesabat çıxışında bildirib:
“Gender əsaslı zorakılıqla bağlı 330 müraciət daxil olub, bu da 9,1 faiz artım deməkdir. Komitənin müraciəti əsasında 108 mühafizə orderi verilib. Ötən il qadın dəstək xəttinə 1623 müraciət daxil olub. Uşaq zorakılığı ilə bağlı müraciətlərin sayı isə 3600 olub. Bu, bizi narahat edir".
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, məişət zorakılığı artmaqda davam edir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, məişət zorakılığının əsasında duran bir çox səbəblər var:
“Məsələn qadınların sərbəstlik tələbləri, işsizlik, sosial rifahın aşağı olması kimi məsələlər, xüsusilə də yaxın qohumların ailələrə müdaxiləsi, ailədəki maddi problemlər, ailə fərdləri arasındakı anlaşılmazlıq adət-ənənələr və mənfi stereotipləri qeyd etmək olar. zorakılıqla mübarizədə ictimai qınaq çox əhəmiyyətlidir. Adətən mövcud stereotiplərə görə zorakılıq törədən şəxs yox, zorakılığa məruz qalan şəxs ictimai qınağa səbəb olur. Qadının özünümüdafiəsi üçün hansısa quruma müraciət etməsi, ona qarşı mənfi reaksiyaya səbəb olur. Lakin bu yanaşma dəyişməlidir. Zorakılıq törədən şəxs daha çox ictimai qınaq obyektinə çevrilməlidir, onun cəzalandırılması tələb olunmalıdır. Onu da deyim ki, məişət zorakılığının bu qədər aktuallaşmasın günahkar və səbəbkar təkcə bir fərd deyil, günahkar cəmiyyətimizdir, mentalitetdən dolayı yaranan düşüncə tərzidir”.
Sevinc