"40 yaş sindromu qadınların həyatında təbii olaraq baş verən mərhələdir və bu dövr bir çox psixoloji dəyişikliklərlə müşayiət olunur".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qadınların bu yaşda baxımlı olub-olmaması onların fərdi təcrübələrindən, psixoloji vəziyyətlərindən və ya həyat tərzlərindən asılıdır:
"Bu yaş dövründə qadınların bir qisminin baxımlı olması, digər qisminin isə baxımsız olması bir neçə psixoloji amillə əlaqəlidir. Bəzi qadınlar niyə baxımlıdır? Bu qadınlar 40 yaşında da özünə qulluq etməyə və xarici görünüşlərinə diqqət etməyə davam edirlər. Onlar üçün yaşlanmaq bir təbii proses kimi qəbul edilir. Amma yenə də özlərini cəlbedici və sağlam hiss etmək istəyirlər.
Estetik əməliyyatlar və kosmetik prosedurlar, bəziləri üçün yaşlanma ilə mübarizə üsuludur. Bu qadınlar cəmiyyətin gözləntiləri və öz daxili tələbləri ilə uyğunlaşmağa çalışırlar. Bu isə onları daha çox estetik cəhətdən qayğı göstərməyə təşviq edir. Onlar estetik dəyişikliklərə, estetik prosedurlara və bədənə qulluq etməyə daha açıq olurlar. Çünki özlərini yaxşı hiss etmək və başqalarının gözündə cəlbedici qalmaq istəyirlər".
Ekspert bəzi qadınların isə 40 yaşdan sonra nə üçün baxımsız olması barədə bunları söyləyib:
"Bu qadınlar 40 yaşında daxili dəyişikliklərlə üzləşir, həyatlarında müəyyən təcrübələr və ya sosial təzyiqlər yaşaya bilərlər. Yaşlanma ilə əlaqəli qorxular və daxili narahatlıqlar onları özlərinə qayğı göstərməkdən çəkindirə bilər.
Yaşlanmanın bəziləri üçün keçmişdəki gənclik dövrünün sona çatması və gələcəyə dair narahatlıqların başlaması kimi görünmə ehtimalı var. Həmçinin, onlar fiziki dəyişikliklərə qarşı etiraz və ya təbii olaraq cəmiyyətin təzyiqlərinə qarşı bir növ qəzəb və ya qarışıqlıq hissi duya bilərlər".
Zəhra Zahidova diqqətə çatdırıb ki, bəzi qadınlar da yaşlanma ilə mübarizə aparmaq əvəzinə, bu prosesi qəbul etməyi seçərək özlərinə diqqət etməyi azaltmağa başlaya bilərlər:
"Bu da onların yaşlanmağa qarşı göstərdikləri emosional reaksiya ola bilər. Bəzi qadınlar cəmiyyətin onlardan gözlədiyi cavan və cazibədar görünüşü qorumaq üçün çox çalışırlar. Onlar, fiziki dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilərlər və buna görə çox estetik prosedurlara müraciət edirlər. Yaşlanmaq onlarda cəlbediciliyi itirmək qorxusu yarada bilər".
Pərviz