Gənclər niyə valideyn olmağa tələsmirlər?

SOSİAL
11:43 / 24.02.2025
59

"Bu gün bir çox gənc övlad sahibi olmağını gecikdirir".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bir çox insan uşağa kifayət qədər sevgi, qayğı və düzgün tərbiyə verə biləcəyindən əmin olmadan bu addımı atmaq istəmir:

"Bu yaxşı bir qərardır o baxımdan ki, heç kim valideyn olmağa tam hazır olmadan bu məsuliyyəti üzərinə götürməməlidir. Çünki uşaq dünyaya gəldikdən sonra onun psixoloji sağlamlığı birbaşa valideynlərin daxili vəziyyətindən asılıdır. 

Lakin burada başqa bir məsələ də var. Əgər insan daim özünü "hazır deyiləm" düşüncəsi ilə valideyn olmağını təxirə salırsa, bu, dərin köklü qorxuların və qeyri-müəyyənliyin göstəricisi ola bilər. Həyatın heç bir mərhələsində tam hazır olmaq mümkün deyil". 

368215

Onun sözlərinə görə, insan valideyn olduqda bu rolun içində böyüyür və yeni bacarıqlar qazanır:

"Əlbəttə ki, başqa səbəblər də var. İlk səbəb maddi məsələlər və karyera amilləridir. Gənclər əvvəlcə stabil maliyyə şəraitinə və müəyyən bir karyera mövqeyinə sahib olmaq istəyirlər. Onlar düşünürlər ki, iqtisadi çətinliklər içində övlad böyütmək məsuliyyəti daha da artırır. Bu isə həm valideyn, həm də uşaq üçün psixoloji çətinliklər yarada bilər".

Ekspert qeyd edib ki, ikinci əsas səbəb isə məsuliyyət hissidir:

"Valideyn olmaq sadəcə bioloji proses deyil, eyni zamanda böyük psixoloji və emosional yükdür. Bununla yanaşı, bəzi insanlar öz uşaqlıq travmalarına görə valideyn olmağa qorxaraq yanaşırlar. Onlar keçmişdə yaşadıqları çətinlikləri nəzərə alaraq, övladlarını da eyni səhvlərlə böyütmək istəmirlər. Bu baxımdan, onlar psixoloji olaraq özlərini tam hazır hiss etmədikdə valideyn olmaq fikrindən uzaq dayanırlar".

Ülviyyə İlqar hesab edir ki, bu qərarı qorxuların təsiri altında deyil, daxili güvən və real planlar əsasında verməlidirlər:

"Əgər valideyn olmaq istəmədiklərini düşünürlərsə, bunun əsl səbəbini anlamağa çalışmalıdırlar. Həmçinin, münasibətlərdə açıq ünsiyyət çox vacibdir. Hər iki tərəf bu mövzuda öz fikirlərini açıq şəkildə bölüşməli və ortaq bir qərara gəlməlidir. 

Bundan əlavə, valideyn olmağa hazırlıq təkcə maddi vəziyyətdən ibarət deyil. Emosional və psixoloji hazırlıq da önəmlidir. Əgər bir insan özünü bu məsələdə qeyri-müəyyən hiss edirsə, psixoloq dəstəyindən faydalanaraq bu duyğuların kökünü araşdıra bilər".

Pərviz

0