Gənclər nə üçün artıq evliliyə maraq göstərmirlər? - RƏY

SOSİAL
10:05 / 25.02.2025
64

"Müasir dövrdə gənclərin evlənməyə çox həvəs göstərməmələrinin əsas səbəblərindən biri iqtisadi vəziyyətlə bağlıdır". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycanda ailə qurmaq təkcə iki insanın bir-birini sevməsi ilə bitmir:

"Bu, həm də ciddi maddi məsuliyyət tələb edir. Toy mərasimi, cehiz, ev, avtomobil və ümumiyyətlə, ailənin ilkin təminatı üçün lazımi şəraitin yaradılması çoxlarını düşündürür. Xüsusilə, gənclər uzun müddət stabil iş tapa bilmədikləri üçün evlilik qərarını təxirə salırlar.

Həmçinin, kirayə qiymətlərinin bahalaşması, ev almağın çətinləşməsi və əmək bazarında rəqabətin artması kimi faktorlar da gəncləri evliliyi ertələməyə vadar edir. Yəni evlənmək istəyən bir insan əvvəlcə öz maddi durumunu düzəltmək istəyir və bu, illərlə çəkə bilər.

İkinci səbəb də cəmiyyətdə dəyişən dəyərlər və qadınların rolunun artmasıdır. Əvvəllər Azərbaycanda ailə qurmaq gənclərin həyatındakı əsas mərhələlərdən biri kimi görülürdü. Cəmiyyətin gözləntiləri insanları gənc yaşda evlənməyə təşviq edirdi. Amma indi vəziyyət dəyişib. Xüsusilə qadınlar üçün evlilik artıq “mütləq keçilməsi lazım olan bir yol” deyil. 

Qadınların təhsilə və karyeraya fokuslanması, öz maliyyə müstəqilliklərini təmin etmələri onları evlənmək üçün tələsməməyə sövq edir. Yəni əvvəllər cəmiyyətdə formalaşmış “evlənməyən qadın xoşbəxt ola bilməz” stereotipi yavaş-yavaş qırılır və qadınlar üçün ailə həyatı artıq yeganə prioritet deyil".

368308

Ekspert qeyd edib ki, kişilər də evliliyi gecikdirirlər:

"Çünki onların da həyat gözləntiləri dəyişib. Keçmişdə kişi ailə başçısı kimi ailəni təmin etməli idi, amma indi daha çox öz fərdi inkişafına, karyerasına və həyatdan nə istədiyinə fokuslanmaq istəyir. Azərbaycanda ailə qanunvericiliyində müəyyən dəyişikliklər edilsə də, boşanmalarla bağlı problemlər, aliment ödənişləri, uşağın valideynlər arasında bölüşdürülməsi kimi mövzular gəncləri düşündürür. 

Boşanma halları artdığı üçün gənclər evliliyin uzunmüddətli perspektivdə nə qədər sağlam bir qərar olduğunu sual altına qoyurlar. Boşanma halları ilə bağlı məhkəmə proseslərinin çətin olması, aliment problemləri və bir çox hallarda valideynlərin uşaqlar üzərindəki hüquq çəkişmələri gəncləri evliliyə skeptik yanaşmağa vadar edir. Ən əsas səbəblərdən deyərdim ki, məsuliyyətdən qaçmaq və duyğusal çəkingənlikdir. 

Əslində, evlilik böyük məsuliyyətdir. İnsan tək yaşadığı zaman sadəcə özünə cavabdehdir, amma ailə qurduqdan sonra artıq bir insanın həyatına birbaşa təsir edən qərarlar verməli olur. Bəzi gənclər bu məsuliyyəti daşımağa hazır olmadıqlarını düşünərək evliliyi gecikdirirlər. Bundan başqa, gənclərin ailə modelinə qarşı fərqli baxışları da var. Əgər bir insan öz valideynlərinin evliliklərində problemlər görərək böyüyübsə, ya da ətrafında tez-tez boşanmalara şahid olubsa, evliliyə qarşı inamı azala bilər. “Evlilik xoşbəxtlik gətirmir” kimi fikirlər formalaşa bilər və bu da onları evlilikdən uzaqlaşdırır". 

Aydan Məmmədova diqqətə çatdırıb ki, müasir dövrdə insanlar emosional yaxınlıq qurmaqdan da çəkinirlər:

"Münasibətlərdə dərin bağlar yaratmaq əvəzinə, daha çox fərdi azadlığa önəm verilir. Xüsusilə sosial media və texnologiyanın inkişafı insanları bir-birindən uzaqlaşdırır və insanlar yaxın münasibət qurmağa o qədər də həvəsli olmurlar. Eyni zamanda, alternativ münasibətlər və “azadlıq” istəyi səbəbini də müşahidə edə bilərik. Müasir dövrdə evlilik artıq münasibətlərin yeganə forması deyil. İnsanlar birlikdə yaşamaq, qeyri-rəsmi münasibətlər və ya uzunmüddətli dostluq münasibətləri kimi alternativlərə daha çox üstünlük verirlər. 

Əsas səbəb isə öhdəliklərin az olmasıdır. Evlilik, qanuni bağlarla müəyyən çərçivəyə salındığı üçün insanlar bunu bir növ məhdudiyyət kimi görürlər. Bundan əlavə, azadlıq hissi də mühüm faktordur. Bir çox insan evlənməyin müəyyən sosial məhdudiyyətlər gətirdiyini düşünür. Ailəli insan üçün dostlarla görüşmək, fərdi planlar qurmaq və öz istədiyi kimi yaşamaq çətinləşir. Xüsusilə gənclər həyatlarının tamamilə dəyişəcəyindən və müəyyən qaydalar çərçivəsində yaşamaq məcburiyyətində qalacaqlarından qorxurlar. 

Ümumiyyətlə, gənclərin evliliyə marağının azalması bir çox faktorlarla bağlıdır. İqtisadi çətinliklər, cəmiyyətin dəyişən dəyərləri, qanunvericilikdəki boşluqlar, psixoloji qorxular və fərdi azadlığa daha çox önəm verilməsi bu tendensiyanın əsas səbəblərindəndir". 

Lakin psixoloqun sözlərinə görə, bu, evliliyin tamamilə aktuallığını itirdiyi demək deyil:

"Sadəcə olaraq, insanlar indi daha şüurlu və düşünülmüş qərar verməyə çalışırlar. Hər bir fərdin evliliyə baxışı fərqlidir və bu qərar maddi, mənəvi və psixoloji hazırlıq tələb edir. Cəmiyyətin və dövlətin gəncləri dəstəkləyən addımlar atması, ailə institutunun gücləndirilməsi və sağlam münasibətlərin qurulmasına yönəlik təşviqlərin artırılması gələcəkdə bu tendensiyanı müəyyən qədər dəyişə bilər. 

Ailə alayışını dərk etmədən evlənib daha sona bir-birilərini daha yaxından tanıyıb uyğun olmadıqlarını görüb boşanma halları baş verir. Bu səbəbdən dolayı insan şəxs olaraq özünü dərk edib evlənməsi daha məqsədəuyğundur". 

Pərviz

0